7 C
Baku
23 Noyabr 2020
Sosial

Təbrik əvəzi – Fazil Mustafanın yazısı

“Çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, qanmır”.

Azərbaycan Milli Mətbuatının banisi Həsən Bəy Zərdabinin öz toplumu ilə mübarizəsinin qısa şüarı bundan ibarət idi. Milli Mətbuat Günü Həsən bəy adlı bir Aydınlıq Günəşi ilə bağlıdır. Gün demək Günəşin insan həyatı üçün faydalı təzahürü deməkdir. Gün Günəşdən ötürülən çox kiçik enerjidir ki, Yer kürəmizi aydınladır.

1875-ci ildə Gün işığına çıxan “Əkinçi” kodu altında öz tükənməz enerjisi ilə şumladığı torpağın hər qarışından məhsul götürəcəyinə böyük ümid bəsləyirdi. Düşünürdü ki, Günəş varsa, torpaq varsa, canlı toxum varsa, daha nə lazımdır ki, hərtərəfli yetkin bir toplum yetişsin. Ancaq nəzərə almamışdı ki, bu torpağın alt qatında toplumun yaşadığı, anladığı dinin daşlı-gilli cəhalət, xurafat qarışığı var. Və o qarışığın hesabına Həsən bəy arzuladığı məhsulu götürə bilmədi. O qəzet işinə söz əkinçiliyi kimi baxırdı. Toxumu səpirsən, hər qarışından cücərtilər boy verəcək. Ancaq torpağın və toplumun tərkibində hansı qarışığın olması çox önəmlidir. Yenə də şükürlər olsun ki, bu Günəşin yanğısının hesabına ayrı-ayrı vaxtlarda Günün əkinçiləri yetişdi. Onlar da durmadan toxumları səpdilər. Bu günümüzdə nələrsə yaxşı-pis cücəribsə, həmin əkinçilərin iztirablarının, alın tərinin və istedadının nəticəsidir.

Bizdə bu peşənin insanlarına jurnalist deyirlər. Əsrin əvvəllərində qəzetçi deyərdilər. Fikrimcə, qəzetçi daha uyğundur. Türkiyədə də qəzetəçi ifadəsi yayğındır. Həm də birini digərindən fərqləndirmək üçün “usta qəzetəçi” ifadəsini işlədərlər. Bizdə bu təqribən “peşəkar jurnalist”ə ekvivalent ifadədir. Ancaq ən prestiji də “əməkdar jurnalist” ifadəsidir. Çünki bunun arxasında rəsmi tanınma sənədi var.

Mənim qəzetçilərə baxışım belədir: usta qələm əhli, peşəkar qəzetçi və kar qəzetçi.

Birincilər sadəcə bu peşədə özəl istedad sahibləridir və təkrarolunmaz yazı üslubları, peşə əxlaqı və idealizmi ilə fərqlənirlər.

İkincilər vərdiş və təcrübə ilə bu peşədə məskunlaşıblar, öz işlərini yaxşı bilirlər, nəyi eşidib, nəyi eşitməməyi xüsusən yaxşı bilirlər. Peşə ilə karlığın sintezini qurmağı bacaranlardır. Həmişə tərəqqidədirlər.

Üçüncülər isə bu sahədə özlərini eşitməzliyə qoyublar, istedadsızlıqdan narahat deyillər, imtiyaz və növbə məsələlərində həssasdırlar, peşənin içində usanmadan yaşayırlar.

Bu gün Azərbaycan mətbuatında çox az sayda əkinçi var, biçinçilərlə yeyimçilər mütləq çoxluğu təşkil edirlər. Ona görə də toplumu dəyişməyə, yeniləşdirməyə, nimdaş dəyərlərini söküb dağıtmağa risk edən idealistləri görəndə sevinirsən, təsəlli tapırsan.

Mən bilmirəm, Həsən bəy Zərdabidən yüz il sonra daha nələri mənimsəyəcəyik, ancaq başlığa çıxardığım çağırışı qaragüruha təslim olmuş ziyalılarımızın sayı artdıqca hökmən təkrarlayacağımızdan əminəm: “Çağırıram, gəlmir, göstərirəm, görmür, deyirəm, qanmır”.

Günümüz aydınlıq olsun. Milli Mətbuat Günümüzü deyirəm.

Fazil Mustafa, Millət vəkili

Related posts

Azərbaycanda yoluxma artdı, 3 nəfər öldü – SON STATİSTİKA – FOTO

Admin

Azərbaycan hökuməti QƏRAR VERDİ – Sentyabrın 15-dən…

Admin

Orqanizmin içkidən çökdüyünü göstərən 5 əlamət – İçkini tərgitmək vaxtıdır

Admin

Leave a Comment