10 C
Baku
23 Noyabr 2020
Dünya

Serbiya Ermənistana silah göndərilməsi barədə iddiaları “araşdıracaq” – diplomatik mənbə

Serbiya Ermənistana silah satışı ilə bağlı iddiaları “araşdıracaq”, diplomatik mənbələrdən BBC News Serbcəyə bildirilib.

Azərbaycanın rəsmiləri bundan əvvəl bildirib ki, “Serbiyadan Ermənistana minomyotlar və böyük həcmdə silah-sursat göndərməsinə dair etibarlı və təsdiqlənmiş məlumat” mövcuddur.

Bu məlumatın yayılması Ermənistanla Azərbaycan sərhədində silahlı qarşıdurmanın kəskinləşdiyi dövrə təsadüf edir.

Nə baş verib?

Azərbaycan Xarici İşlər Nazirliyi bazar ertəsi günü Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviçi XİN-ə çağıraraq ona “Ermənistana silahların göndərilməsi” ilə bağlı məlumatı təqdim edib.

Nazir müavini Xələf Xələfov Danitsa Veinoviçə “əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah-sursatın göndərildiyini” bildirib.

“O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minomyotlardan istifadə edildiyini də qeyd edib”, XİN-in məlumatında bildirilir.

Cənab Xələfov bu məsələnin “hər zaman, o cümlədən də ikitərəfli əlaqələrin gündəliyində duran həssas bir mövzu olduğunu” və “qeyri-dost addımın Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu” bildirilib.

“X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb”, açıqlamada deyilir.

XİN rəsmisi Serbiya Respublikasından “izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini” bildirib.

XİN-in məlumatına görə, xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı “məlumatının olmadığını” deyib və “məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib”.

“İddialar araşdıracağıq”

Belqrad hadisəyə rəsmi münasibət bildirməyib.

Amma Serbiyada adının çəkilməsini istəməyən diplomatik mənbə BBC News Serbcəyə bildirib ki, “Azərbaycan XİN Səfirliyimizdən Gürcüstan vasitəsilə Ermənistana silah satışına dair iddiaları araşdırmağı istəyib”.

O, bu iddiaların “Serbiya Səfirliyi vasitəsilə dərhal təkzib edildiyini” bildirib.

“Bu barədə məlumatımız yoxdur. Azərbaycan dostumuzdur və ölkələrimiz arasında uzun müddətdir davam edən dostluq münasibətləri mövcuddur. Bu iddiaları araşdıracağıq,” – diplomatik mənbə deyib.

Azərbaycanla Ermənistan arasında sərhədin Tovuz istiqamətində silahlı qarşıdurma iyulun 12-də başlayıb.

Ağır silahların istifadəsiylə aparılan döyüşlər insan itkilərinə səbəb olub, Azərbaycan 12 hərbçisini və bir mülki şəxsi, Ermənistan isə 4 hərbçisini itirdiyini açıqlayıb.

Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini ittiham edirlər.

Related posts

Amerikalı sabiq həmsədr: “Ermənistan Azərbaycanın suveren ərazisinə soxulub və işğal edib”

Admin

Ermənilər Gürcüstanda iğtişaşlar törədib – 5 BİNA YANDIRILIB / Video

Admin

Volkan Bozkır vəzifəsinin icrasına başlayıb

Admin

Leave a Comment