6 C
Baku
27 Noyabr 2020
Siyasət

Nəcməddin Sadıkov haqqında az məlum olan faktlar – ƏSLİNDƏ O KİMDİR?

Müharibə vəziyyətində olan bir ölkənin Ordusunda rəhbər vəzifələrdə təmsil olunan şəxslər haqqında məlumatların qapalı olması təbiidir.  Amma bu heç də həmin şəxslər haqqında əsassız şayiələrin yayılmasına səbəb olmamalıdır.

Halbuki biz zaman-zaman məhz bu kimi mənfi halların şahidi oluruq. Xüsusən də Nəcməddin Sadıkov haqqında…

Hit.Az saytı bu araşdırmasında yaranan bir çox sualları cavablandırmağa calışıb.

1993-cü ildən Azərbaycan Müdafiə Nazirinin birinci müavini və Baş Qərargah rəisi vəzifəsini daşıyan general-polkovnik Nəcməddin Sadıkov kimdir?

Onun haqqında nəyi doğru, nəyi yanlış bilirik?

Generalımız hərbi təhsilini harada alıb? Azərbaycan Ordusunda hansı döyüş yolunu keçib? Xidmətləri nədir?

Biz bu yazıda yanlış bilinən məqamlara toxunmadan açıq mənbələrdən bilinən bir çox vacib faktlara toxunacacağıq.

Öncə ondan başlayaq ki, Nəcməddin Sadıkov məhz Azərbaycan hərbi məktəbinin yetirməsidir! O, 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. Həm də “Qızıl” medalla!

Daha sonra, Azərbaycanın da daxil olduğu SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib.

1988-ci ildə Frunze adına Hərbi Akademiyasını bitirib.

1991-ci ildə Sovet İttifaqı Marşalı B.M.Şapoşnikov adına “Vıstrel” (“Atəş”) Ali Zabit Hazırlığı kursunu bitirib.

1 fevral 1992-ci ldə – Qarabağ müharibəsinin qızğın cağında Vətənin müdafiəsi üçün Azərbaycan Ordusuna gəlib və 703 saylı briqadanın komandiri təyin edilib. Məhz onun komandir təyin edilməsindən qısa müddət sonra 703 saylı briqada o illərdə Azərbaycan Ordusunun ən uğurlu məliyyatlardan bir neçəsini həyata keçirib. Erməni işğalçıları və onların havadarları ilə qızğın döyüşlər nəticəsində Ağdərəni və Goranboyun bir hissəsini azad edən də məhz 703 saylı briqada olub!

1993-cü ildə Azərbaycanda Sürət Hüseynovun qaldırdığı hərbi qiyam isə ölkədə həm hakimiyyət böhranı yaratdı, həm də cəbhədəki zəncirvari uğursuzluqların əsasını qoydu. Sürət Hüseynovun arxasında hansı gücün dayandığını, hansı siyasi-iqtisadi maraqları hədəflədiyini isə hər kəs bilir!

Sürət Hüseynovun silahlı qiyamçıları Gəncədən, Qazaxdan başlayaraq, bütün icra hakimiyyətlərini özünə tabe etdirərək, Bakıya hakimiyyəti ələ keçirməyə gəlirdi! Təəssüf ki, hərbi hissələrin bir çoxu da ona boyun əymişdi!

Ölkə ciddi vətəndaş qarşıdurması ilə üz-üzə idi. Həmin böhran günlərində ölkəni xaosdan qurtarmaq üçün dövlətin rəhbərliyinə dəvət edilən ümummilli lider Heydər Əliyev xalqa və ordu hissələrinə çağırış etdi.

O vaxt Sürət Hüseynova və havadarlarına boyun əyməyən hərbi hissələr isə məhz Nəcməddin Sadıkovun bir vaxtlar rəhbərlik etdiyi və nüfuz dairəsində olan Goranboy-Tərtər rayonlarındakı hərbi hissələr oldu!

Heydər Əliyevin gərgin səyləri, müdrik siyasəti nəticəsində ölkə qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsindən qurtuldu. Nəcməddin Sadıkovun rəhbərliyi ilə Goranboy-Tərtər istiqamətindəki hərbi hissələr Sürət Hüseynovun qiyamçılarını tərk-silah etdi və “şimal küləyi”nin Bakıya qədər əsməsinin qarşısı alındı.

Cəmi bir il sonra Azərbaycanda ikinci silahlı qiyamın işartıları baş qaldırmağa başladı. Belə ki, Rövşən Cavadovun rəhbərlik etdiyi “OMON”-çular ölkənin Baş prokuroru Əli Ömərovun kabinetinə basqın edərək, onu döymüş, daha sonra isə onu “OMON”-un “8-ci kilometr” qəsəbəsindəki qərargahına apararaq, işgəncə altında girov saxlamışdılar. O vaxt da məhz Nəcməddin Sadıkov ümummilli lider Heydər Əliyevin təlimatı ilə qərargaha gedərək, Əli Ömərovu azad etmiş və gərginliyi azaltmışdı.

Son illərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücləndirilməsi istiqamətində böyük işlər görülür. Ordumuz ən müasir silahlarla təchiz edilir, yüksək səviyyəli kadrlar hazırlanır, geniş islahatlar aparılır.

Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu artıq dünyanın ən güclü 50 ordusu arasında yer alır.

Bu gün Azərbaycan artıq nizam-intizamı, maddi-texniki bazası ilə seçilən, nümunəvi bir orduya sahibdir.

Son illərdə cəbhə bölgəsində bir çox uğurlu əməliyyatların keçirilməsi də bunun bariz nümunəsidir. Bu uğurlu əməliyyatların altında da Ali Baş komandan İlham Əliyevin, müdafiə naziri Zakir Həsənovun, Baş Qərargah rəisi Nəcməddin Sadıkovun və ordunun digər şücaətli komandir heyətinin imzası var.

Ali Baş Komandan İlham Əliyev bir neçə gün əvvəl keçirdiyi toplantıda da açıq-aydın vurğuladı ki, həm müdafiə naziri Zakir Həsənov, həm də Baş Qərargah rəisi Nəcməddin Sadıkov bu illər ərzində onun verdiyi bütün əmr və tapşırıqları tam, həm də qüsursuz yerinə yetiriblər!

Fikrimizcə, yazını elə bu yerdə də bitirmək olar!

Şayiələrə deyil, əlahəzrət faktlara inanmalı, kənar qüvvələrin təlimatları ilə Azərbaycanda ruh düşkünlüyü və orduya inamsızlıq aşılamağa çalışanların payını verməliyik!

Related posts

İlham Əliyev Zelenskini təbrik etdi

Admin

İlham Əliyev Ərdoğana zəng etdi

Admin

Sergey Şoyqu ilə Ramiz Mehdiyevi nə birləşdirir? – AÇIQLAMA

Admin

Leave a Comment