8 C
Baku
25 Noyabr 2020
Sosial

Pis işlərin müdiri

“Zürafənin boynunda gənə ölümsüzlüyə inanmağa başlayır”

(Stanislav Yeji Lets)

Hamı karantində olsa da, islahatlar davam edir, keçmişin qara əllərinin müstəqil və parlaq gələcəyimizə uzanmasına imkan verilmir. Eləsi var, AXC-Müsavat cütlüyü dövründə sistemə soxulub, eləsi var, SSRİ-dən qalıbdır. Hətta bəzi icra hakimiyyətlərində çar 1-ci Nikolayın vaxtında vəzifəyə çəkilən tiplərə rast gəlinir. İnşallah, biz bunların hamısını təmizləyəcəyik. Fəzail müəllim demişkən, Boz Kardinalın axırı çatıbdır. Doğrudur, Fəzail müəllim qəribə şəkildə həmin adamın ancaq ləqəbini yazmış, adını çəkməmişdi, ancaq biz adsız da söhbəti tuturuq. Pandemiya dövrünə çox uyğun gələn bir köhnə reklamda deyilən kimi, biz baş həkimlə bir-birimizi işarələrdən anlayırıq. İstəsən burada müsbət cəhət görmək olar, biz həmişə müxalifətə “həyat ağ-qara rənglərdən ibarət deyil” söyləyəndə həm də bu cür şeyləri nəzərdə tuturduq. Rəngarəng yaşamışıq: Qara polkovnik, Boz Kardinal, Yaşıl bazar, Narıncı inqilab, Göy Məscid, Ala Yaqub, Sarı Şəmistan, nə bilim, Ağ Partiya… Sözgəlişi, Ağ Partiyanı təzəcə dövlət qeydiyyatına alınması münasibətilə qutlayıram. Məncə, Azərbaycan ağ günlərə məhz bu partiya sayəsində çıxacaqdır.

Bəli, islahatlar karantinə alınmayıbdır. Çünki demokratiya elə şeydir ki, onu hansısa axmaq virusa görə küncə qısnayıb saxlaya bilmərik. Burada proses daim getməlidir, dayansaq, yıxılarıq. Dünən DTX-nın XİN-də əməliyyat aparması xəbəri də həmin fəaliyyətin davamını göstərdi. İşlər idarəsinin müdiri Fərhad Mollazadəni tutmuşdular. Bu isə XİN-də işlərin dövlətimizin təhlükəsizliyinə uyğun getmədiyini göstərir.

Maraqlıdır ki, əslində DTX-ni keçən ay XİN-ə elə nazir Elmar müəllim özü dəvət eləmişdi. Həmin vaxt KİV-də, sosial şəbəkələrdə XİN şefinin öz oğullarına (bəzən jurnalistlər bunu “oğlanları” kimi yazır, bu isə məna baxımından düzgün deyil; bir atanın oğlu ola bilər, oğlanı yox, çünki oğul sözü birmənalıdır, oğlan isə çoxmənalı) Amerika Birləşik Dövlətlərində, konkret yazsaq Nyu York şəhrində 4 milyon dollara çoxlu ev-zad alması xəbəri yayılmışdı. Fürsət ikən, amerikalıları da 4 iyul müstəqillik günləri münasibətilə təbrik edir, insan haqlarına hörmətə çağırır, son toqquşmalardan narahat olduğumu bildirirəm. Qaraların hüquqlarını qorumaq üçün Sem dayıya da Ağ Partiya lazımdır.

İndi mənim ağlıma belə versiya gəlir: bəlkə nazirin xaricdəki əmlakı haqda xəbərləri mediaya işlər müdiri ötürübmüş, o üzdən həbs ediblər? Yoxsa əks halda nazir çekistləri niyə öz başına bəla kimi çağıraydı?

İkincisi, XİN işlər müdiri eyni zamanda Azərbaycan Memarlar İttifaqının vitse-prezidentiymiş. (Bizdə belə qəribə vəzifə sintezləri həmişə olmuşdur, məsələn, bir ara baytar gömrükdə general işləyirdi, müəllimi isə ən qırğın vaxtında müdafiə naziri qoymuşduq). Deməli, XİN işlər müdirini Bakı şəhərinin memarlıq görünüşünü pozan qanunsuz tikililərə göz yumduğu üçün tutublar.

Üçüncü versiya Fərhad Mollazadənin kəskin müxalifətçi, görkəmli siyasi xadim, Azərbaycanda nələrsə Partiyasının (həqiqətən partiyanın adındakı içalat hissələr yadımdan çıxıbdır) sədri Asim Mollazadənin qohumu olmasıdır. Axı bizdə hökumət adətən müxalifətçilərin qohumlarını tutmaqla onları mübarizə yolundan döndərməyə çalışır. Asim bəy son dövrlər iqtidara qarşı kəskin bəyanatları ilə seçilirdi, misal üçün, iyunun 24-də Milli Məclisin onlayn iclası zamanı spikerə “Mənim səsim və görüntüm necədir?” demişdi. Əgər belədirsə, ayıb olsun. İqtidarı müxalifətə təzyiqlərə son qoymağa çağırırıq.

Nəhayət, dördüncü versiya elə Fərhad müəllimin şəxsən özünün hansısa yeyintiyə yol verməsi ola bilər. Yəqin onu da AXC-Müsavat vəzifəyə qoyubdur.

Bu işin yalnız Qarabağa dəxli yoxdur, çünki bizim XİN belə xırda işlərlə məşğul olmur ki, ona görə də hansısa qələt qarışdırsınlar.

Related posts

Qışa hazırlıq məqsədilə oduncaq tədarükünə start verilib

Admin

BNA-nın yarıtmaz işi — Avtobusda sıxlıq, işləməyən terminallar, tıxac… – MİLYONLAR HANI?

Admin

SABAHIN HAVA PROQNOZU AÇIQLANDI

Admin

Leave a Comment