8 C
Baku
27 Noyabr 2020
Sosial

ÇOXQƏHRƏMANLI İNTERNET – Bu “qəhrəman”ların sayı çoxaldıqca, onlarla mübarizə mümkünsüz olur

Siyasi liderlərin ara-sıra sosial şəbəkələrə məhdudiyyətlər qoyulması haqqında çıxışları təkcə rəhbərlik etdikləri ölkələrdə deyil, bütün dünyada etirazlarla qarşılanır. Çünki sürətli qloballaşma dönəmində milyonlarla insana təkcə öz ölkəsinin informasiya məkanı dar gəlir. Məsələyə siyasi, sosial məna yükləsək, insanlar daha keyfiyyətli həyat şərtlərində yaşamaq üçün kənardan nümunələr axtarırlar və bu məsələdə dünyanı ovuclara sığdıran sosial şəbəkələrin rolu əvəzedilməzdir. Yəni hökumətindən “o əjdahadan niyə bizdə yoxdur” soruşmaq istəyən sosial şəbəkələrdən saysız-hesabsız arqumentlər tapa bilir. Kim belə bir resursdan məhrum edilməsinə seyrçi qalar ki?
Bir neçə il öncə sosial şəbəkələr etibarlı informasiya qaynağı sayılmırdısa, bu gün sosial mediada yayılan xəbər, görüntü ölkələrin gündəmini müəyyən edir, hökumətlərin siyasətinə təsir göstərir. Digər tərəfdən, şəbəkə genişləndikcə, ona nəzarət də çətinləşir. Sürətli informasiya texnolojiləri əsrində hansısa saytı, şəbəkəni qapatmaq dənizin üzərini kağızla örtmək kimidir – cəhd suya düşəcək. Nəsə qadağan olunsa, saatlar sonra alternativləri göbələk kimi yayılacaq və ilk aqressiya qadağaları tətbiq edənlərə yönələcək. Ona görə də uzaqgörən siyasət yürüdənlərin heç biri özünü belə hədəfə çıxarmır. Əksinə, internet resurslarını, özəlliklə də sosial şəbəkələri güclü silah kimi qəbul edib işinə gəldikcə yararlanır.
COVİD-19-la dəyişən həyatımız əslində sosial şəbəkələrin məhz idarəetmədə nə qədər əvəzsiz olduğunu ortaya çıxarıb. Efir məkanlarının, digər ənənəvi media resurslarının etibarının yerlərdə süründüyü çağımızda sosial şəbəkələr xəbərləşmənin əsas gücünü üzərinə götürüb. Hökumətin pandemiyaya qarşı tədbirlərini qəti şəkildə qiymətləndirməyənlər, şəxsi və sosial məsuliyyət dərk etməyənlər bu gün sosial şəbəkələrdə an sürətilə yayılan yoluxma, ölüm xəbərləri ilə məsələnin ciddiliyini nəhayət dərk etməyə başlayıblar. “Hanı bu xəstələr”, “bizim tanıdıqlarımız arasında niyə xəstələnən, vəfat edən yoxdur” kimi cahil suallar verənlər indi özləri sosial məsəfənin, təcridin vacibliyindən danışır, şəbəkədəki kontentə çağırışlar edirlər. Budur sosial medianın gücü.
Bura qədər sosial şəbəkənin müsbət məqamlarından yazdıq. Məsələnin bir də hər ölkə üçün arzu olunmayan tərəfləri var. Daixilə kənardan müdaxilələr kimi. Aydındır ki, kənar təsir saat mexanizmi kimi daim işləmir. Onun işləmə periodu adətən ölkə üçün həssas məqamlardır. Hədəf hakimiyyətdirsə – xalqla arasının açıldığı dönəm, xalqdırsa, mənəvi boşluğa düşdüyü dönəm seçilir. Plan kənarda cızılsa da icraçılar həm ölkənin daxilindən, həm xaricindən seçilə bilər. Sosial şəbəkələri izlədikcə dediklərimizin şahidi olmaq mümkündür.
Bu gün hakimiyyəti sərt tənqid edənlərin heç də hamısı Azərbaycan vətəndaşının dərdini dərdi bilənlər deyil. Bu, sadəcə onların işidir. Vəzifələri gördüklərini şişirtmək, problem varsa, çıxış yolları göstərmək yox, aqressiyanı daha da körükləməkdir. Çıxışlarına diqqət yetirsək, söyüş və təhqir dolu, konstruktivizmdən kənar, yalnız hiddət və qəzəb artıran ritorika.
Ölkədə rəsmi səviyyədə dəstəklənən media qurumları tənqiddən uzaq tutulduğu üçün internet resursunda söyüş söyən bir gənc problemlərin əlində aciz qalan vətəndaş üçün qısa zamanda qəhrəmana çevrilir. Sonucda onun hədəf kütləsi sürətlə genişlənir, milyonlarla insan həmin problemin çözümünə xərcləcəyi vaxtı “haqq carçısı”nın paylaşımlarına baxmağa sərf edir, heç xəbər də tutmur ki, bununla onun maraqlarına xidmət edir, qazancını artırır.
Bu yerdə Azərbaycan cəmiyyətinə ziyanlı daha bir tendensiya işə düşür – hakimiyyət vətəndaşı narahat edən problemi çözmək yerinə bütün media resurslarını həmin “qəhrəman”ın yalanlarını çıxarmaq üçün səfərbər edir, sonucda onu daha da haqlı çıxarır, vətəndaşın sosial tələblərini siyasi tələblərə çevirir. Beləliklə su, iş, yaşamaq istəyən vətəndaş, nəticəsizliyi görüb artıq hakimiyyətin istefasını tələb edən narazı elektorata çevrilir. “İnternet qəhrəmanları” çoxaldıqca onlarla mübarizə daha çətin, hətta mümkünsüz olur.
Hakimiyyət hesablamalıdır ki, hansısa naziri rəhbərlik etdiyi sahəni düzəltmək üçün tənbeh etmək, yaratdığı problemləri ört-basdır edib, onu gərəksiz yerə qorumaqdan daha təhlükəsizdir.
Dediyimiz odur ki, internetlə mübarizə qılıncla əmələ gəlmir. Bir az da düşüncəyə ehtiyac var.

Related posts

İşçi sayını əhəmiyyətli dərəcədə azaltmayan sahibkarlara ikinci mərhələdə də muzdlu işçilərinin əməkhaqqı ödənilir

Admin

Əmək hüquqları sistemində beynəlxalq təcrübəyə əsaslanan çoxsaylı yeniliklər gözlənilir

Admin

“Qapalı şəraitdə toy etmək olar” – İşçi qrupunun rəhbəri ŞƏRTLƏRİ AÇIQLADI

Admin

Leave a Comment