7.8 C
Baku
26 Noyabr 2020
Sosial

Özəl məktəblərdə təhsil haqqı: Keyfiyyət düşübsə, ödəniş niyə azaldılmır? – Sorğu

Koronavirus pandemiyası ilə əlaqədar mart ayından ölkədə tədris prosesi tamamilə dayandırılıb. Hazırda distant dərslər keçirilsə də, bu təcrübənin gözlənilən effekti vermədiyinə dair iradlar hər gün çoxalır.

Övladları özəl orta məktəblərdə təhsil alan bir qrup valideyn bildirib

Onlar bildirir ki, bu müddətdə məktəblər kommunal, icarə və digər xərclərdən azad olsa da, ödənişin heç 30-40 faizi belə valideynlərə qaytarılmayıb. Həmin təhsil müəssisələri indi də yeni tədris ilinin pulunu tələb edirlər ki, şagirdləri növbəti sinfə qeydiyyata salsınlar.

İndiyə qədər keçirilən təlim-tədris prosesinin səviyyəsi isə valideynləri qane etməyib. Onlar tədrisin onlayn “zoom”la olduğunu, bir çox şagirdin dərslərə qoşula bilmədiyini, texniki problemlərin yaşandığını deyir. Bir sözlə, keyfiyyət ürəkaçan olmayıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən məsələ ilə bağlıTeleqraf.com-a açıqlamasında bildirib ki, nazirlik özəl təhsil müəssisələrinə yalnız tövsiyə edə bilər: “Bu kimi məsələləri valideynlər və özəl sahibkarlıq subyektləri öz aralarında həll etməlidir. Hər bir halda özəl təhsil müəssisəsi sahibkarlıq obyekti sayılır. Bu, həmin şəxsin vergisini ödəyərək işlətdiyi bir müəssisədir. Qarşılılıqlı olaraq anlaşma yalnız valideyn və özəl müəssisənin rəhbəri arasında müəyyən olunur. Burada nazirlik olaraq qarışacağımız bir məqam yoxdur”.

Cəsarət Valehov onu da qeyd edib ki, mətbuat konfranslarının birində Təhsil naziri Ceyhun Bayramov özəl təhsil müəssisələrinə valideynlərlə danışıb uyğun addım atmalarını tövsiyə etmişdi: “Amma nazirlik özəl təhsil müəssisələrinə qiymətlərə güzəşt etməklə bağlı xəbərdarlıq etmək səlahiyyətində deyil. Əgər şagird tədris müəssisənə gedirsə, növbəti dərs ilinin ödənişi tələb olunmalıdır. İstəyərdik orada valideynlər əziyyət çəkməsin, amma bu güzəşti nazirlik müəyyən edə bilməz”.

Sentyabrda dərslərin açılmasına gəlincə, qurum rəsmisi bununla bağlı məlumat verə bilməyəcəyini açıqlayıb: “Yeni tədris ilinin nə zaman başlaması qərarı müvafiq şəraitə uyğun qəbul ediləcək”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyevanın sözlərinə görə, pandemiya dövründə dövlət müəssisələrində istər şagirdlər, istərsə də tələbələr üçün hər cür imkanlar yaradıldı: “Amma özəl sektorda vəziyyət başqa cürdür. Qənaətimcə, özəl müəssisələr də bu məsələlərə çox ciddi yanaşmalıdır. Yəni mövcud şərait nəzərə alınmalı, vəziyyətə uyğun addım atılmalıdır.

İllik təhsil haqqı xərcinin tamamilə ləğv olunmasını təklif etmirəm. Aydın məsələdir ki, özəl məktəblərin maliyyələşməsi şagirdlərdən, tələbələrdən yığılan vəsait hesabına formalaşır. Amma hər bir vəziyyətdə şəraitə uyğun hərəkət etmək mütləqdir. Bu gün pandemiyadır, hamıya məlumdur ki, hansı şəraitdə yaşayıb, hansı şəraitdə fəaliyyət göstəririk”.

Deputatın qənaətincə, məsafədən tədris xüsusilə özəl məktəblərdə yüksək səviyyədə aparılmalıdır: “Əgər valideynlər mart ayından indiyə qədər şagirdlərin onlayn təhsilindən narazıdırlarsa, əlbəttə ki, buna görə təhsil müəssisəsinin rəhbərliyinə şikayət və iradlarını bildirməlidirlər. Məlum məsələdir ki, özəl təhsil müəssisələrinə görə Təhsil Nazirliyi cavabdehlik daşımır”.

Kamilə Əliyeva hesab edir ki, həssas qrupdan olan ailələrin övladları üçün müəyyən güzəştlər olunmalıdır: “Valideyn təhsil haqqını vaxtında ödəyə bilmirsə, hissə-hissə ödənilməsinə şərait yaradılmalıdır. Hər birimiz Azərbaycan vətəndaşıyıq və orada təhsil alanlar da hər birimizin övladıdır. Ona görə də vəziyyətlə barışmaq lazımdır.

Mümkün qədər özəl orta məktəb rəhbərliyi güzəştə getməlidirlər. Qarşılıqlı anlaşma olmalı, maraqlar təmin edilməlidir. Vəziyyətdən çıxış yolu ancaq bundadır”.

Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, pandemiya ilə əlaqədar bütün təhsil müəssisələrində tədris sistemi distant formada (məsafədən idarəetmə) həyata keçirildi: “Bu zaman istər dövlət, istərsə də özəl təhsil müəssisələri tədrisin davamlılığını gözləmək üçün müxtəlif tətbiqi proqramlardan istifadə etməyə başladılar. Bu isə öz növbəsində narazılıqla qarşılandı.

Tədricən Təhsil Nazirliyi teledərslər vasitəsilə vəziyyətdən çıxış yolunu tapdı. Ardınca isə “Microsoft Times” platforması ilə dərslərin tədrisinə başlandı. Amma çox təəssüf ki, bu platforma, eləcə də digər tətbiqlər tam əhatəliliyi təmin etmədi. Xüsusilə nəzərə alsaq ki, respublikamızın ayrı-ayrı ucqar bölgələrində internet imkanları bərabər səviyyədə deyil, hətta deyərdim ki, tam təminat yoxdur. Belə olan halda təhsilin əlçatanlığından təbii ki, söhbət gedə bilməz”.

Ekspert deyir ki, internetlə yanaşı müasir texnologiyadan məlumatsız təhsilverənlərin prosesdən kənarda qalması da əlavə probelmlərə yol açıb: “Hansı ki, şagirdlərə fərqli müəllimlər dərs deməyə başladı, adaptasiya prosesi uzun çəkdi. Onsuz da ənənəvi təhsildən birdən-birə distant formada təhsilə keçid psixoloji gərginlik yaratmışdısa, bu da əlavə gərginlik oldu.

Bütün bu sadalananlarla yanaşı, eyni zamanda əhalinin sosial durumu da imkan vermədi ki, təhsil alanlar müntəzəm olaraq dərslərdə iştirak edə bilsinlər. Pandemiya və karantin rejimi dönəmində əhalinin gəlirlərinin bir qədər də aşağı olması, vəziyyəti ürəkaçan nəticədə etmədi. Tədricən adaptasiya prosesi oldu”.

Elçin Əfəndinin müşahidələrinə əsasən, Təhsil Nazirliyinin çevik addımları xoş qarşılanıb: “Ən azından təhsildə qırılma nöqtəsi olmadı və varislik prinsipi qorunub-saxlanıldı. ‌Yuxarıda sadaladığım sıxıntılar təkcə dövlət təhsil müəssisələrində deyil, özəl təhsil müəssisələrində də mövcud idi. Amma özəl təhsil müəssisələrindən fərqli olaraq, dövlət təhsil müəssisələrində ən azından ali təhsil səviyyəsində tələbələrin təhsil haqlarına güzəştlər olundu. Bu, təxminən 22 minə yaxın tələbəni əhatə edirdi.

Özəl təhsil müəssisələri isə bunu etmədi. Hətta onlar şagird və tələbələri sıxışdırmaqla ödənişlərini tələb edirdilər. Təəssüflər olsun ki, onlar özləri də əlverişli olmayan durumda verdikləri təhsilin keyfiyyət göstəricisinin aşağı olmasının fərqinə varmadan güzəştlər etmədilər. Amma növbəti tədris ili üçün bütün bunlar nəzərə alınmalıdır. Ən azından ona görə ki, dərslər onlayn qaydadadır. Bu zaman şagird internetə pul xərcləyəcək, həmçinin tədrisin keyfiyyət yüksək olmayacaq. Bundan əlavə, müəssisələrin kommunal xərci də çıxmayacaq”.

Ekspert təklif edir ki, güzəşt olunmadığı halda valideynlər övladlarını özəl təhsil müəssisələrindən çıxarmalıdır: “Əhalinin uzun müddət karantin rejimində qalması sosial durumu çətinləşdirib. Məhz bunlar nəzərə almaqla təhsil haqqından endirim edilməlidir. Təklif edirəm ki, özəl təhsil müəssisələri bunları nəzərə alsınlar. Valideynlər də güzəşt olunmadığı halda övladlarını dövlət təhsil müəssisələrinə yönləndirsinlər. Özəl təhsil müəssisələri nəzərə almalıdır ki, onlar məhz öz şagirdlərinin hesabına inkişaf edirlər və bu durumda kompromisə getmək vacibdir”.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov vurğulayıb ki, pandemiya başlayandan özəl təhsil müəssisələrində növbəti tədris ili üçün ödənişin tələb olunması məsələ ilə bağlı bir çox narazılıq olub: “Təhsil Nazirliyi özəl təhsil müəssisələrinin fəaliyyətinə müdaxilə etmir. Çünki burada sahibkarlıq məsələsi var, eyni zamanda Azərbaycanda azad sahibkarlığın inkişafı ilə bağlı ölkə başçısının ortaya qoyduğu siyasi iradə var. Hesab edirəm ki, indiki dönəmdə özəl təhsil müəssisələri Azərbaycan vətəndaşlarını nəzərə almalıdırlar. Prezident çıxışlarında xüsusilə qeyd edib ki, pandemiya dövründə dövlətin bir nömrəli məsələsi Azərbaycan vətəndaşının təhlükəyə məruz qalmamasıdır.

Əgər buna dövlət səviyyəsində münasibət ortaya qoyulubsa, hesab edirəm ki, özəl müəssisələr də bu məsəldə həssas olmalıdırlar. Çünki hazırkı dönəmdə ölkə vətəndaşları daha çox iqtisadi tərəfdən təsirə məruz qalıblar. Azərbaycanda təxminən 20 mindən artıq tələbənin təhsil haqqını, eləcə də 600 min insanın sosial qayğılarını dövlət qarşıladı və hazırda da bu proses davam etdirilir. Bu baxımdan özəl təhsil müəssisələri bu məsələlərdə müəyyən qədər güzəşt etməlidir”.

Ekspert özəl təhsil müəssisələrinin biznes qurumları olduğunu əsas gətirərək məsələni çox qabartmağın mümkün olmadığını deyib: “Əgər valideynlər özəl təhsil müəssislərinə seçirlərsə, bu artıq onun şəxsi məsələsidir. Çünki alternativlər var, dövlətin orta ixtisas təhsil müəssisələri var, hansı ki, burada onlar pulsuz təhsil ala bilərlər. Baxmayaraq ki, müəllimlər işə getmirlər, amma özəl məktəblərdə onların əməkhaqqısı 100% ödənilir. Bundan əlavə, əgər dərslər məsafədən tədris olunubsa, məktəblərin kommunal, icarə və digər xərcləri çıxmır, nəticədə xeyli qənaətlər əldə olunur. Bildiyim qədəri ilə məsafədən təhsillə bağlı özəl müəssisələr yeni proqramlar alırlar.

Əlbəttə, bu da xeyli maliyyə vəsaiti tələb edir. Dövlət mütləq şəkildə qeyd edir ki, əməkhaqqı ödənilməlidir, heç bir işçi ixtisar olunmamlılıdır. Belə olan təqdirdə vəziyyət başadüşüləndir”.

İlqar Orucov bu məsələdə valideynlər sərbəst seçim etməli olduğunu da diqqətə çatdırıb: “Hüquqi şəxs olaraq özəl təhsil müəssisəsi ilə fiziki şəxs olaraq valideyn arasında münasibətlər müqavilədə öz əksini tapıb. Əgər hansısa özəl təhsil müəssisəsi güzəşt etmirsə, valideynlər müqavilədə əks olunmuş öhdəliklərə yenidən baxmalıdırlar. Ən pis halda isə valideyn övladını həmin özəl məktəbdən çıxara bilər. Belə məsələlərə dövlətin müdaxiləsi düzgün deyil və dövlət bu kimi tələb qoya bilməz”.

Mütəxəssis hesab edir ki, humanizm baxımından sahibkarlar bu çətin dönəmdə dövlətin çağırışına cavab verməlidirlər: “Amma qanuni tərəfdən məsələyə münasibət bildirəndə, yalnız valideynlə məktəb arasında münasibəti tənzimləyən müqavilə çərçivəsində valideynlər öz seçimini etməlidirlər. Özəl təhsil müəssisəsi görsə ki, valideynlər övladlarını məktəbdən çıxarır, təbii ki, məcbur olub müəyyən güzəştlər edə bilər. Amma bütövlükdə dövlətin, xüsusilə Təhsil Nazirliyinin bu məsələyə müdaxiləsi, birmənalı olaraq yolverilməzdir”.Teleqraf.com

Related posts

Sabah güclü külək əsəcək

Admin

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib

Admin

Dərslərin sentyabrın 15-də başlayacağı ilə bağlı – AÇIQLAMA

Admin

Leave a Comment