7 C
Baku
29 Noyabr 2020
Sosial

Yoluxmalar ən çox yas mərasimlərində baş verir – insanları necə çəkindirməli…

Ölkədə pandemiya sürətlə yayılır və  bu vəziyyətin səbəbkarları sırasında yas mərasimlərində toplaşan vətəndaşların da rolu istisna edilmir. Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmiləri də dəfələrlə bildiriblər ki, yas çadırlarının qurulması və mərasim evlərində ehsanların verilməsi qadağan edildiyindən, yaxınları rəhmətə gedən insanlar evlərdə toplaşırlar.

Kiçik mənzillərdə 50-60 nəfərin toplaşması artıq virusun yayılması üçün də zəmin yaradır və əksər yoluxma halları da məhz belə baş verir. Bəs hökumət yas mərasimlərinin qarşısını almaq üçün nə etməlidir? Elan edilən qadağalar effekt vermirsə, inzibati yolla tənzimləmək mümkün ola bilərmi?

“Yeni Müsavat”a açıqlamasında  məsələyə münasibət bildirən Milli Məclisin  deputatı Fazil Mustafa qeyd etdi ki, yerli icra orqanları insanlarla birbaşa iş aparmalıdırlar: “Hökumət kütləvi toplanmaları qadağan edib. Bu halda yerli icra hakimiyyətləri, bələdiyyələr hansı ərazidə yas düşübsə,  evlərə baş çəkərək toplaşmanın qadağan olunduğunu xatırlatmalıdırlar. Çünki məsələnin təkcə deyilməsi kifayət etmir. İnsanlar unudurlar, qaydalara çox meyl göstərmirlər. Yeganə yol məhz bu cür tənzimləməkdir. Harada hadisə baş veribsə, oraya yerli icra  hakimiyyətinin nümayəndələri getməlidir, ev sahibini başa salmalıdır ki, xəstəlik var. Qohum-əqrabalar toplaşmasın, az sayda ev adamları da yığışanda məsafə saxlamaqla öz kədərlərini ifadə edib, hansısa ritualları yerinə yetirməlidirlər”.

Fazil Mustafa: “Yerli icra hakimiyyətləri, bələdiyyələr yas düşən evlərə baş çəkərək, toplaşmanın qadağan olunduğunu xatırlatmalıdırlar”

Deputat vurğuladı ki, bütün hallarda hər hansı şəkildə kütləvi tədbirlərə yol verilməməlidir: “Çadırların qurulmasına imkan verilməməlidir. İnsanlara da izah etmək lazımdır ki, başsağlığını telefonla versinlər. Heç kim də bir-birindən inciməsin. İnanların çoxu düşünür ki, getməsə yas sahibi inciyə bilər. Ona görə də bunu təlqin etmək lazımdır ki, kimsədən incimək olmaz. Lakin xəstələnənlər daha çox inciyəcəklər ki, gəlib xəstəliyi yayır və ya kimsə xəstəliyə yoluxur”.

Əhməd Qəşəmoğlu: “Cəmiyyətin potensialını hərəkətə gətirmək lazımdır”

Sosioloq Əhməd Qəşəmoğlu da “Yeni Müsavat”a danışarkən vurğuladı ki, insanlar koronavirus məsələsinə bir qədər etinasız yanaşırlar: “Mən özüm də bir neçə gün öncə qohumumun yas məclisində oldum və ayaqüstü başsağlığı verdim. Orada insanlar çox rahat oturmuşdular, hətta molla da gəlib məclisin başında oturdu. Mən bir ağsaqqal kimi onlara məsləhət verdim ki, yaxın oturmaq olmaz. Ancaq onu deyim ki, bu cür yas mərasimləri kifayət qədər çoxdur və yoluxmaları artıran səbəblərdən biridir. Yas çadırı qura bilmədikləri üçün kişilər həyətlərdə toplaşır, qadınlar isə otaqlarda yığışırlar. Hər məhəllədə sözükeçən insanlar var, rəy liderləri var. Bu cür insanlarla iş aparmaq lazımdır. Hər rayonda, qəsəbədə bir şəbəkə olsun, hər bir rayon üzrə fəal adamları cəlb etmək lazımdır. Sahə müvəkkilləri çox yaxşı bilir ki, hər rayonda neçə nəfər sözü keçən insan var. O insanlarla birbaşa əlaqəyə girib təlimat verilməlidir ki, yas yerlərində toplaşma olanda hay-küysüz, polis müdaxiləsi olmadan, ağsaqqal tövsiyəsi ilə hüzr sahibinə xəbərdarlıq edilsin. Onlara bir qədər də səlahiyyət vermək lazımdır”.

Ə.Qəşəmoğlunun fikrincə, bu məsələdə inzibati resurslardan da istifadə etmək lazımdır. İstənilən bir məsələdə maarifləndirmə də aparmaq lazımdır: “İndiki cəmiyyət elədir ki, idarəetmə elmi ilə idarə olunmalıdır, avtomatik idarə etmək olmaz. Et və ya etmə deməklə tənzimləmək mümkün deyil. Cəmiyyətin potensialını hərəkətə gətirmək lazımdır. Cəmiyyətin fəallarını seçib onların əli ilə maarifləndirmə aparmaq , bu nəticə vermədikdə isə inzibati müdaxiləyə əl atmaq lazımdır. Bu zaman isə heç kim etiraz edə bilməz”.

Sosioloq vurğuladı ki, yas düşən evlərdə 30-40 qadın bir evə toplaşır: “Molla danışanda çıxmaq olmaz, ehsan verilir, yemək lazımdır. Bu məsələlərə çox avamcasına yanaşırıq. Vəziyyət isə çox gərgindir. Artıq hamının tanıdıqları arasında yoluxanlar, ölənlər var. Bunun qarşısını almaq lazımdır”.

Related posts

Xəbərlər Əmək müqaviləsi ilə çalışan əlilliyi olan şəxslərin sayı

Admin

Hacı Nuran: “Bəhram üçün könüllü olaraq ağciyər donoru olmağa qərar verdim”

Admin

Azərbaycanda ailəsini təhqir edən polis işdən qovuldu – RƏSMİ + VİDEO

Admin

Leave a Comment