8 C
Baku
30 Noyabr 2020
Əsas xəbər

Hökumət yeni sərt karantin dövründə bizneslərə yardım edəcəkmi?

22 ildir ki, Bakıdakı gözəllik salonlarının birində saç ustası işləyən Gültəkinin həyatını koronavirus epidemiyası dəyişib: o, işsiz qalıb.

“Bank borclarım var, ev, uşaq xərcləri. Hesabımı aparırdım, biz belə öyrəşmişik. Bilirdik ki, bu pulu qazanacağıq. Mən də olmasam, həyat yoldaşım qazanırdı. Amma indi mən də evdə oturmuşam, ərim də,” – o deyir.

Bu iş onlar üçün 15 günlük müddətdə 1000-1500 manat gəlir deməkdir.

Gültəkin deyir ki, bundan əvvəlki təcriddə bank ödənişlərini edə bilmədiyi üçün, tez-tez banklardan zənglər gəlir.

“Deyirlər artıq ödə, bağlansın. Necə ödəyim? Mən geriyə gedirəm. 190 manat paylanırdı, onun heç 90 qəpiyini görməmişəm.”

Gözəllik salonlarının fəaliyyəti epidemiyaya görə iyunun 22-dən bərpa edilən sərt karantin rejimində iki həftəlik yenidən dayandırılb. Sərt karantinin uzadılıb-uzadılmayacağı hələ məlum deyil. Bundan əvvəl də iki ay ictimai-iaşə xidmətləri dayanmışdı.

Çərşənbə axşamı günü Nazirlər Kabinetinin qərarı ilə sərt karantin elan olunmuş şəhər və rayonlarda rəsmi işsiz kimi qeydiyyatdan keçmiş və birinci sərt karantin dövründə də 190 manatlıq birdəfəlik yardım almış şəxslərə yenidən bu məbləğ ödəniləcək. Amma hələ ki, 1 aylıq.

Lakin qurumun qərarında fərdi və mikro sahibkarlara hansısa yardımın verilib-verilməyəcəyi ilə bağlı müddəa yoxdur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov BBC News Azərbaycancaya bildirib ki, fərdi və mikro sahibkarlara kömək göstərilib-göstərilməyəcəyi ilə bağlı “onda hələ ki məlumat yoxdur.”

Millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc BBC deyir ki, “hazırda məsələ ilə bağlı vəziyyət geniş təhlil olunur və son qərar ölkə rəhbərinə məruzə edildikdən sonra verilə bilər.”

Azərbaycanda martın 24-dən tətbiq edilən karantin rejimi avqustun 1-dək uzadılıb. Ölkədə iyunun 21-dən iyulun 5-dək sərt karantin rejimi elan edilib və iri ticarət mərkəzlərinin və bəzi ictimai-iaşə xidmətlərinin fəaliyyəti tamamilə dayandırılıb, bəzilərinə isə müştərilərə yerində xidmət qadağan edilib.

“Çalışırdıq, indi işləri yoluna qoyaq…”

Bakının mərkəzində yerləşən bir kafeyə menecerlik edən Səda Həsənovanın iş yeri səhər saat 10-dan gecə saat 2-dək çalışırdı.

Səda Həsənova deyir ki, rəhbərlik etdiyi kafe gəlirlərini birinci dəfə tətbiq olunan təcrid vaxtından itirməyə başlayıb. Hazırda tətbiq olunan ikihəftəlik sərt karantin rejimi vaxtı da o, gəlirlərini itirməyə davam edir.

Amma kafe rəhbərliyi işçilərin maaşını azaltmayıb.

“Karantin müddətində həm iş saatları azalmışdı, həm də həftə sonları işləmədik. Amma işçiyə daha az işə görə eyni maaşı verməli olduq. Həftə sonu və günün sonunda gəlirlərimiz mənfidir. İki həftəni heç cür bərpa edə bilməyəcəyik,” – o şikayətlənir.

Səda Həsənovanın sözlərinə görə, hətta işçilərə mart ayının maaşından borclu qalıblar.

“Çalışırdıq, işləri indi yoluna qoyub onları verə bilək, amma çatdıra bilmədik. İşdən çıxarılma olmayıb, əksinə bir növbəyə daha çox işçi saldıq ki, ortada qalmasınlar. Amma bu bizə ziyandır”.

“Kiçik biznes üçün çox çətindir”

O deyir ki, bu vəziyyət kiçik biznes sahiblərinə çox çətin başa gəlir.

“Kiçik biznes sahibləri üçün çox çətindir. Onların arxaya atdığı 3-5 manat pulu yoxdur ki, indiki xərci qarşılaya bilsinlər. Karantin davam etsə, biz işçilərin maaşlarını verə bilməyəcəyik. Vəziyyət çətin olduğu üçün işçilərdən xahiş edə bilərik ki, ya o müddətdə gedib başqa iş tapsınlar, ya da ki sahibkarlarına güzəşt etsinlər,” – o deyir.

Səda Həsənova hökumətdən gözləntisi olmadığını desə də, bildirir ki, işsiz qalan şəxslərin maaşları ödənməlidir.

“Bu müddətdə bu ödənilməli idi ki, adamlar evdə otursun. Çox kasıb ailələr var idi ki, onlara 190 manat verilmədi. İnsanlar bir tikə çörək qazanmaq üçün xəstəliyi gözə alıb küçəyə çıxırlar.”

“…Hökumət nəyə can atır?”

İqtisadi məsələlər üzrə təhlilçi Azər Mehdiyev hesab edir ki, hökumət birinci dəfə karantin elan edərkən bu koronavirusla mübarizə ilə bağlı ciddi bir proqram işləməli idi.

Hakimiyyətin verdiyi qərarları sorğulayan təhlilçi deyir ki, “hökumətin nəyə can atdığı anlaşılan deyil”.

“İndi də anlaşılan deyil, ümumiyyətlə hökumət nəyə can atır? Bu virusun qarşısını almaq üçün bu mübarizəni təkbaşınamı aparır? Yoxsa əhali ilə əl-ələ verərək bunun qarşısını almaq istəyir? Hökumət əhali ilə vəziyyətin ağırlaşması haqqında yox, yalnız xəstəxanalarda xəstə sayının artması ilə bağlı iş görür və xəstə sayının artmasının qarşısını almağa çalışır”.

O hesab edir ki, iki həftəlik sərt karantin dövrü üçün hökumət fəaliyyəti yenidən dayandırılmış sahibkarlıq subyektlərinə, işsiz qalmış şəxslərə yardım etməlidir.

“Tədqiqatlar göstərir ki, birinci dərəcəli məsələ həmin şərtlərdən əziyyət çəkən insanlara yardım göstərilməsidir. Bu, birmənalı şərtdir. Hökumət daha çox ölkədə maliyyə sabitliyinin qalması, manatın məzənnəsinin saxlanması və bu kimi tədbirlər haqqında düşünür.

Bir tərəfdən sanki hökumət daha borca düşməkdən, devalvasiya təhlükəsindən yan keçmək istəyir. Ancaq bu cür karantin tədbirlərinin özü iqtisadiyyata gəlirliyi azaltmaqla son nəticədə hökuməti daha ciddi problemlərlə üz-üzə qoya bilər”.

Azər Mehdiyev deyir ki, bu problemlər özünü ümumi daxili məshulun və vergi daxilolmalarının azalmasında və əhalinin həyat səviyyəsinin pisləşməsində göstərə bilər.

“Əgər hökumət əhaliyə yardım göstərsə, dövlət büdcəsini əlavə xərclərlə üz-üzə qoyacaq. Ancaq hökumət yardım göstərməkdən imtina etsə, bu, əhalinin vəziyyətinin ağırlaşması və son nəticədə sosial narazılığın güclənməsi formasında özünü göstərəcək”.

“Bu yöndə addımlar atılır”

Millət vəkili Zahid Oruc BBC News Azərbaycancaya bildirib ki, hazırda bu sahibkarlığa yardımla bağlı “vəziyyət İqtisadiyyat Nazirliyi tərəfindən geniş təhlil olunur”.

“İqtisadi maliyyə blokunu təmsil edən hökumət strukturlarında geniş qiymətləndirmələr aparılır. Zənn edirəm ki, son qərar bütovlükdə vəziyyət ölkə rəhbərliyinə məruzə edildikdən sonra verilə bilər.” – Zahid Oruc deyib.

Zahid Oruc deyir ki, “hökumət indiyədək büdcəyə daxil olmaların qarşısını almaqla, insanların riskini öz üzərinə götürməklə bütün ağırlığı öz üzərinə götürüb.”

O, hesab edir ki, “sahibkarlıq subyektləri ilə müvafiq hökumət strukturları arasında məsafədən də olsa məsələ ətrafında müzakirələrin təşkili daha dəqiq qərarların verilməsinə” səbəb ola bilər.

“Mənim bir komitə sədri kimi məsələyə baxışım ondan ibarətdir ki, hökumət tərəfindən bu yöndə addımlar atılır. Əminəm ki, dövlət bir daha sahibkarların yanında olduğunu nümayiş etdirəcək. Lakin hansı qərar veriləcək, təyin olunacaq yardımın növü, çeşidi, miqyası, miqdarı – bunlar əlbəttə ki, kompetent qurumlar tərəfindən verilməlidir,” – cənab Oruc deyib.

Zahid Oruc rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzinin “pandemiya vaxtı hökumətin davranışları və sahibkarlıq subyektlərinin atılan addımları necə qiymətləndirməsi ilə bağlı sorğu apardığını və indiyədək atılmış addımların sahibkarlar tərəfindən yüksək qiymətləndirildiyini” bildirib.

Birinci sərt karantin dönəmində hökumətin dəstək planı

Azərbaycan hökumətinin birinci dəfə karantin elan edərkən qəbul etdiyi dəstək planında bu il pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 300 min fərdi və mikro sahibkara iş yerlərinin ixtisar edilməməsi məqsədilə maliyyə dəstəyinin göstərilməsi üçün 80 milyon manat ayrılmışdı.

Hökumət birinci karantin dönəmində pandemiyadan zərərçəkmiş əhali qrupuna ümumilikdə 150 milyon manat vəsait ayırmışdı.

Lakin yenidən tətbiq olunan yeni ciddi karantin rejimi zamanı hökumətin fərdi və mikro biznes sahiblərinə dəstək planının olub-olmaması ilə bağlı Nazirlər Kabinetindən və İqtisadiyyat Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Related posts

İrana sərt etiraz: “Qarabağ ermənilərin deyil, onların yanında olma”

Admin

Günün videosu – erməniyə görə soydaşımızı vuran rusu “başa saldılar”, üzrxahlığa gəldi

Admin

Teymur Mustafayevin oğlu da koronavirusa yoluxdu

Admin

Leave a Comment