9 C
Baku
29 Noyabr 2020
Müsahibə

İtirilmiş qızıl fürsət – bəlkə hələ gec deyil?

Yəqin ki, artıq ölkədə koronavirusa yoluxmuş qohum-əqrəbası, dost-tanışı olmayan bir kimsə qalmayıb. Mümkün deyil ki, kimsə 3 ay əvvəlki kimi desin: “Bəs niyə dost-tanışlarımızın içində koronavirusa yoluxan kimsə yoxdur?”

Artıq hamının belə bir yaxını var və onların çoxu sağalıb. İndi hər kəsin koronavirusdan ölən tanıdığı da var.

Bir az gec oldu, amma biz millət olaraq koronavirus pandemiyasının nə dərəcədə təhlükəli olduğunu axır ki, anladıq. Hərçənd “düzdür, hamımız ailəcə xəstələndik, 3-4 gün pis olduq, amma hamımız sağaldıq, nəsə başqa şey idi, koronavirus deyildi” deyənlər də var.

“Düz bir həftə halsız oldum, qızdırmam 38-dən düşmürdü, sistem köçürürdülər, amma xəstələnməmişdim”, – deyə bu sətirlərin müəllifini inandırmağa çalışanlar da oldu.

Təsəvvür edin, “sağlam adam”a sistem köçürürmüşlər, çünki qızdırması düşmürmüş, özü də halsız imiş. Buna nə ad vermək olar?

Təbii ki, bu sayaq düşünən yüz minlərlə adamın yaşadığı ölkədə koronavirus pandemiyasına dair statistik göstəricilərin gündən-günə böyüməsinin sirri dərinliklərdə deyil.

Qorxunc virusu ciddiyə almayan, xəstələndiyini heç olmasa özü üçün etiraf etməyən, ta yıxılana qədər cəmiyyət içində gəzib dolaşan və hər gün onlarla adamı yoluxduran insanlar sona qədər təhlükəli olaraq qalacaqlar. Sırf onların üzündən bizdə karantin rejimi uzana-uzana gedəcək.

İndi məlum olur ki, bizə hələ mart ayında 15 günlük sərt karantin rejimi tətbiq edilməliydi, bir müddət əvvəl şənbə-bazar günlərində olduğu kimi, bir kimsə evindən bayıra buraxılmamalıydı.

Bu 15 günlük məcburi “evdə qal” tədbiri, daha dəqiqi, “evdən çıxma” yasağı tətbiq edilsəydi, heç kim acından ölməyəcəkdi, əvəzində yoluxma zənciri qırılacaqdı. Bu müddət ərzində yoluxmuşlar sağalacaq, yeni yoluxanlar olmayacaqdı, ev şəraitində öz ailə üzvlərindən yoluxanlar isə karantinə alınacaqdı.

Həmin “qızıl fürsət”i itirdik. Bunun obyektiv və subyektiv səbəbləri oldu. Dövlət rəhbərliyi startda koronavirusla mübarizəyə qətiyyətli və məqsədyönlü şəkildə başlamışdı. Koronavirusla mübarizə üçün xüsusi fond yaradılmışdı və bu fonda sürətlə və kütləvi halda maddi vəsaitlər köçürülürdü.

Ancaq bu kampaniya yarıda kəsildi, həm də gözlənilmədən. Əksinə olmalıydı. Ölkənin imkanlı adamlarını bir azca da səfərbər etsəydilər, qısa müddətdə fonda 10 milyarda yaxın pul toplamaq olardı.

O vəsaitin mənbəyi açıq şəkildə ortadadır: illərdir bu ölkənin maddi sərvətlərinin bölgüsündə iki çömçə ilə iştirak edən hər kəs sevə-sevə fonda pul köçürülməsi kampaniyasında iştirak edərdi. Bəlkə kimsə etməzdi? Çətin…

Nəticədə toplanmış milyardların bir hissəsini 15 günlük sərt karantin rejimi zamanı maddi sıxıntı çəkəcək bütün vətəndaşlara paylamaq mümkün idi. İstisnasız olaraq, maddi yardım üçün müraciət etmiş, hətta müraciət etməyi özünə sığışdırmayan hər kəsə 15 günə bəs edəcək qədər pul vəsaiti vermək olardı. Bu zaman heç bir bürokratik əngəl tətbiq etməyə də ehtiyac yox idi. Bir neçə milyardla həyati əhəmiyyətli nailiyyət qazanardıq.

Dünyada bunun presedentləri də vardı. Bəzi inkişaf etmiş ölkələr pandemiyanın ilk günlərində əhaliyə karantin rejimi günləri üçün kifayət edəcək qədər maddi yardımlar paylamışdılar. (Bu gün həmin ölkələrin, məsələn, Cənubi Koreyanın əhalisinin koronavirusa yoluxma göstəriciləri olduqca minimaldır).

Əlaqədar strukturlar nədən əldə kifayət qədər pul ola-ola xəsislik etdilər, anlaşılmadı. Adicə 190 manatlıq maddi yardımı insanlara cirə ilə, baryerlər qoya-qoya verdilər. Bu da insanların “evdə qal” rejimini kütləvi şəkildə pozmasına səbəb oldu. Çünki artıq evdə qalmaq mümkün deyildi, hərə bir tərəfdən evinə çörək gətirməliydi.

Bu ictimai təzyiq ona gətirdi ki, xüsusi karantin rejimi yumşaldıldıqca yumşaldıldı. Bu, kandarda duran koronavirusun qarşısında qapıları taybatay açmaq demək idi.

Bəlkə hələ də gec deyil? Bəlkə yenidən fonda pul toplamaq, 15 günlük evdən çıxmaq yasağı tətbiq etmək, evdə qalanlara 15 günə bəs edəcək qədər pul vəsaiti ayırmaqla vəziyyətdən çıxmaq olar?

Related posts

Novxanıdakı milyonluq sarayın sahibi tapıldı – VİDEO

Admin

“Düşmən Qarabağda istədiyini edirsə, o silahlar kimə və nəyə lazımdır?”

Admin

Kimi təsərrüfatla məşğul olub, kimi evdə dincəlib, kimi də seçicilərin yanında olub – Məzuniyyətdən qayıdan DEPUTATLAR

Admin

Leave a Comment