11 C
Baku
27 Noyabr 2020
Mədəniyyət

Aktyoru az qala bıçaqla öldürəcəkdilər – “Arxadan vurulan zərbə”nin gizlinləri

Qaygi.org.az  Kulis.az-a istinadən Arif Babayevin “Arxadan vurulan zərbə” bədii filminin təhlilini təqdim edir.

Film Elçinin “Ox kimi bıçaq” əsərinin əsasında ekranlaşdırılıb. Süjetə əsasən, keçmiş orqan işçisi Əhməd Qəmərli (Həsən Məmmədov) rayonlardan birində müəllim işləyən qardaşı oğlu Fazilə (Akif Əli) qonaq gəlir. Və burada müəmmalı şəkildə qətlə yetirilir. Cinayəti araşdırmaq üçün Bakıdan müstəntiq Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) dəvət olunur. Çətin axtarışlardan sonra cinayətin üstü açılır…

“Arxadan vurulan zərbə” lirik-melonxolik filmlər çəkən Arif Babayevin detektiv janrda ilk işi idi. Bu janrda ilk təcrübəsi olmasına baxmayaraq, “Arxadan vurulan zərbə” mili kinomuzun ən yaxşı detektiv nümunələrindən biridir. Təbii ki, uğurun bir hissəsi də səliqə ilə işlənmiş ssenarinin payına düşür. Hətta Elçin detektiv janrında Çingiz Abdullayevdən daha peşəkar və dərin işləyib. Bir neçə il əvvəl Ç. Abdullayevin “Quba kapriççiosu” əsərinin motivləri əsasında Yavər Rzayev “Xeyirlə şərin rəqsi” filmini çəkmişdi. Detektiv janrı ilə əlaqəsi olmayan ekran işində (filmin ssenarisini də yazıçı özü yazıb) dinamizm, hadisəlilik, hətta konflikt nəzərə çarpmır.

“Arxadan vurulan zərbə” də isə klassik detektiv janrının bütün qaydaları gözlənilib. Tamaşaçıya imkan yaradılır ki, film boyu cinayət hadisəsi haqda müstəntiqlə birlikdə onun da öz qənaətləri, mülahizələri yaransın. Xüsusən də, ona görə ki, təhqiqatçı personajdan fərqli olaraq, tamaşaçı rejissorun hansı detalları vurğulamasını, əhvalatı hara yönləndirməsini gördüyündən daha konkret fikirləri əmələ gəlir. Və rejissor eyni zamanda dolaşıqlıq yaratmaq üçün təhkiyəni bilərəkdən səhv istiqamətə də yönləndirə bilər. Mislaçün, filmin əvvəlində müstəntiq rayona gələndə vağzalda İmaşla (Hamlet Xanızadə) qarşılaşır. O, İmaşa ötəri nəzər yetirsə də, kamera onu xüsusi vurğulayır. Sonrakı gedişatda İmaşın Qəmərlinin qardaşı oğlu Fazillə mübahisəsinin qabardılması, şübhəli davranışı onun qatil olması qənaətini daha da gücləndirir.

Rejissor şübhəni daha sonra filmin ikinci yarısında əhvalata daxil olan Cəbiyə (Rasim Balayev) yönəldir. Bu, həm də fabulanı mürəkkəbləşdirmək üçün zəruridir. Əsas qatil Fəttahın-Qurd Cəbrayılın (Yusif Vəliyev) cinayət hadisəsindən kənarda saxlanılması, Zibanın (Amaliya Pənahova) qətlə yetirilən adamdan oğurlanan cib saatını saatsaza verməsinin gizli kamera metodu ilə müşahidəsi dolaşıqlığı, intriqanı gücləndirir. Ümumiyyətlə, film detektiv janrına xas hadisəliliklə zəngindir. İlk səhnənin qətl hadisəsi ilə açılması da janrın əsas xüsusiyyətlərindəndir.
Ara-sıra süjetə daxil olan qatar mərkəzi fiqurlardan biri kimi canlanır. O, hadisələrin bir növ hərəkətverici qüvvəsi kimi çıxış edir. Təsadüfi deyil ki, dinamik, həyəcanlı musiqi (Xəyyam Mirzəzadə) ilə müşayət olunan qatar kadrları ilə hər dəfə əhvalata yeni detal, obraz daxil olur.

“Arxadan vurulan zərbə” çoxmənalı addır. Bu, təkcə bir neçə nəfərin bıçaqla arxadan vurulmasını ifadə eləmir. Həm də mənəvi məna daşıyır, inamdan sui istifadəni nəzərdə tutur. Məhəbbət xətti, Amaliya Pənahovanın Ziba obrazını yumor nüansları ilə ifası ağır hadisəli süjeti bir az yüngülləşdirir. Baş verən hadisənin köklərinin keçmişə, inqilab illərinə söykənməsi filmi əhəmiyyətli tarixi qatla zənginləşdirir.

“Arxadan vurulan zərbə”nin natura çəkilişləri əsasən Şəkidə, Zaqatalada, Qaxda aparılıb. Keçmiş orqan əməkdaşı, Qəmərlinin silahdaşı Hüseynova (Rafiq Əzimov) atılan bıçaq səhnəsi Qaxda, Kərimbəylinin maşın sürdüyü, Cəbininin öldürüldüyü epizod Zaqatalada çəkilib. Qatar səhnələri Xaçmaz stansiyasında, qapalı məkan çəkilişləri isə pavilyonda aparılıb. Şahmar Ələkbərovun qəhrəmanının müstəntiq Hüseynovla çay kənarındakı dialoqu, Qurd Cəbrayılı tanımaq üçün onu dəvət etdiyini dediyi epizod Mingəçevirdə lentə alınıb.

Filmin yaddaqalan epizodlardan biri Zibanın bölməyə apardıqları səhnədə Amaliya Pənahovanın milis işçisinə dediyi “ə, bu nə maşındır, başqa maşın tapmadın?” onun imropvizəsi olub.

Müstəntiq Hüseynovun bıçaqlanma epizodu üçün sirkdən artisti dəvət edilib. Epizod çəkilməyə başlayandan əvvəl sirk artisti məşq edir, bir neçə metr uzaqdan bıçağı nişan alaraq, bir dəfə də olsun hədəfdən yayınmır. Hüseynov rolunun ifaçısı R. Əzimov müsahibələrindən birində bu səhnə haqda deyir: “Arif mənə dedi ki, birinci komandanı bıçaq atana verirəm, ikinci “əyil!” komandasını sənə verirəm. Bu vəziyyəti bir neçə dəfə çəkdik – təbii ki, mən arxaya baxmadan yalnız Arifin komandasına əməl edərək addımlayırdım və hər dublda da bıçaq başımın yanından ötüb dirəyə sancılırdı. Növbəti dublda Arif komandanı mənə bir az yubadaraq verdi. Və həmin anda başımın üstündən, saçıma nəyinsə toxunduğunu hiss etdim, çox da fikir vermədim, dedim yəqin bıçağın yeli imiş. Amma Arif başda olmaqla bütün çəkiliş qrupunun necə böyük həyəcanla ayağa qalxıb içlərini çəkdiklərini görəndə mən də vahiməyə düşdüm. Hamısı mənə yaxınlaşıb əllərini başıma sürtdülər görsünlər ki, başım yaralanıb, ya yox. Arifin rəngi sapsarı saralmışdı. Dərindən nəfəsini dərib dedi ki, ay Əzimov, deyəsən sənin anan namaz üstündə imiş”.

Əhməd Qəmərli roluna öncə Gündüz Abbasov təsdiq olunsa da, aydın olmayan səbəblərdən bu obraza Həsən Məmmədov təsdiq edilib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 60 illiyinə həsr olunan film Moskvada ali kateqoriyaya layiq görülüb. Maraqlıdır ki, “Yeddi oğul istərəm” əsərində oynayan yeddi oğuldan beşini rejissor bu filmə dəvət edib: Şahmar Ələkbərov, Həsən Məmmədov, Ələsgər İbrahimov, Ənvər Həsənov, Rafiq Əzimov. Ümumiyyətlə, filmdə çox güclü, orqanik aktyor ansamblı var.

“Yeddi oğul istərəm” filmində aktyorların at sürmək təcrübəsi olduğundan, Qurd Cəbrayılla sovet hakimiyyətinin təmsliçilərinin 1930-cu illərdəki döyüş səhnəsində ifaçılar kaskadyorsuz keçinib.
Vikipediya məlumatına əsasən, əsl adı Cəbrayıl Baxşıyev olan Qurd Cəbrayıl real adam olub. Maştağa kəndində doğulan Cəbrayıl kriminal aləminin tanınan simalarından biri idi. Ümumilikdə ona 70 ilə yaxın iş kəsilsə də, ömrünün 36 il həbsxanada keçirib. Daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıb. Kriminal aləmdə isə “Paxan Cəbrayıl” kimi tanınıb. O, həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb.

“Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl sərrast bıçaq atan idisə da, reallıqda tapança ilə dəqiq nişan almağı bacarırmış. Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə tanış imiş. Onlar eyni məhəllədə yaşayıb və filmə dəvət alan Yusif Vəliyev Cəbrayılla bir müddət ünsiyyətdə olub. Filmi görməyən Cəbrayıl 1976-cı ildə dünyasını dəyişib.

Filmin məsləhətçisi polkovniki Sabir Hüseynov, opratoru Valeri Kərimovdur. SSRİ-də əsəri 17 milyon tamaşaçı izləyib.

Related posts

“Ayıbdır, sizlərə yaraşdırmadım” – Xalq artistindən tənqidlərə cavab

Admin

“Dünyanın ən gözəl qızı” 19 yaşında – Fotolar

Admin

Azərbaycanda 67 avtomobili olan müğənni kimdir?

Admin

Leave a Comment