8 C
Baku
27 Noyabr 2020
İqtisadiyyat

SOCAR-da işçilərin təhlükəsizliyi üzrə islahatlara start verilib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) və Keyfiyyətin İdarə Edilməsi Sisteminin təşkilinə dair onlayn müşavirə keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, R.Abdullayev korporativ idarəetmə sistemində aparılan islahatlardan bəhs edib, beynəlxalq neft-qaz şirkətlərinin qabaqcıl təcrübələrini SOCAR-da tətbiq etməklə, istehsalatda insan itkilərinə yol verməmək və əməyin mühafizəsinin maksimum səviyyədə gücləndirilməsinə çalışmağın bütün dövrlərdə ən vacib məsələ olduğunu vurğulayıb.

COVID-19 pandemiyası dövründə işçilərin sağlamlıq və təhlükəsizliyin qorunması, eləcə də pandemiyanın bütün dünyada yaratdığı iqtisadi tənəzzül fonunda əməliyyat effektivliyinin daha da artırılması kimi çağırışlar şirkətdə köklü islahatların zərurətini daha da aktuallaşdırıb.

SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov qabaqcıl beynəlxalq təcrübələrin tətbiqi ilə bağlı çıxış edərək bildirib ki, SƏTƏMM və Keyfiyyət üzrə korporativ siyasət sənədi və standartlar hazırlanıb. Əsas məqsəd şirkətin bütün müəssisələrində və struktur vahidlərində sağlam, təhlükəsiz iş mühiti yaratmaq, əməyin mühafizəsini istehsalat zərurətinin fövqündə ən yüksək prioritet kimi bərqərar etməkdir. Beynəlxalq Neft və Qaz Hasilatçıları Assosiasiyasının (IOGP) üzvü kimi SOCAR bu nüfuzlu beynəlxalq təşkilatın sənaye üzrə qəbul etdiyi vahid standart və tövsiyələri öz əməliyyatlarında da geniş tətbiq etməyə başlayıb.

Şirkət üzrə “Bizi Qoruyan Qaydalar toplusu” və Əməliyyatların Bütövlüyünün İdarəetmə Sistemi (SOİMS) kimi daxili təlimatlar hazırlanıb. SOCAR-da SƏTƏMM və Keyfiyyət üzrə hazırlanmış yol xəritələri neft və qaz sənayesində tanınmış beynəlxalq APİ Q1 və Q2 standartlarına uyğun sertifikatların alınmasına köməklik edəcək. Beləliklə, qabaqcıl təcrübələrin tətbiqi nəticəsində, insanların həyat və sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi ilə yanaşı, şirkətin əməliyyat effektivliyi də artırılacaq.

Aparılan islahatlar qabaqcıl beynəlxalq təcrübələrin mənimsənilməsi ilə yanaşı, vahid korporativ siyasət çərçivəsində şirkətin bütün müəssisələrində SƏTƏMM və keyfiyyət standartlarının mərkəzləşdirilmiş və vahid formatda tətbiqini təmin edəcək. Risk potensialı olan fəaliyyətlərdə tətbiq edilən İşə İcazə Vərəqələri SOCAR-ın bütün müəssisələrində artıq mərkəzləşdirilib və vahid standart halına gətirilib ki, bu da istehsalat risklərinin daha effektivli idarə olunması baxımından ən önəmli şərtlərdən biridir. Yaxın müddətdə İşə İcazə Vərəqələrinin SOCAR-ın rəqəmsal qolu olan CİC şirkəti ilə birgə rəqamsallaşdırılması nəzərdə tutulub.

Onlayn müşavirəyə 200-ə yaxın idarə və müəssisə rəhbərləri, digər rəsmi şəxslər qoşulmuşlar. Müşavirədə təqdimatlar edilmiş və iştirakçılar tərfindən müzakirələr aparılıb.

Müşavirənin sonunda SOCAR-ın prezidenti R.Abdullayev SƏTƏMM və Keyfiyyət siyasəti üzrə sənədləri imzalayıb.

Related posts

Gələn ilin büdcəsi yaxın günlərdə Milli Məclisə göndəriləcək

Admin

“Silk Way Holding” daxilində rebrendinq davam edir

Admin

Azərbaycan nefti cüzi bahalaşıb

Admin

Leave a Comment