2 C
Baku
23 Noyabr 2020
Əsas xəbər

“Şəhid ailələrini təhqir edənlərə qarşı cəza mexanizmi olmalıdır” – Qarabağ qazisi durumdan üzgündür

Son günlər xalqımız üçün müqəddəs sayılan şəhidlərimizə, onların ailələrinə qarşı neqativ fikirlər səsləndirilir. Təəssüf ki, buna yol verənlər elə öz vətəndaşlarımızdır. Milli qəhrəmanlarımız, şəhidlərimiz toxunulmazdır, onların ailələrinə yüksək hörmət və ehtiram göstərilməlidir. Lakin bunun tam əksini görürük. 
Ən acınacaqlısı isə budur ki, müqəddəs, toxunulmaz və pak hesab etdiyimiz şəhidlərimiz və ailələri təhqir edilir. Buna yol verənləri heç cürə azərbaycanlı adlandırmaq olmaz. Onlar düşmənlə eyni mövqe sərgiləyərək çirkin kampaniya aparırlar.
Qarabağ Azadlıq Təşkilatının(QAT) sədri Akif Nağı “Sherg.az”a açıqlamasında bildirib ki, şəhidlərə, onların ruhuna və ailələrinə hörmətsizlik göstərənləri adam hesab etmək olmaz: 
“Mən də son zamanlar şəhid ailələrinə qarşı hörmətsizlik edənləri görürəm. Amma belələrinə o qədər də əhəmiyyət vermirəm. Çünki onlara münasibət bildirəndə özlərini bir adam hesab edirlər. Belələri sadəcə olaraq xəstədirlər”.
QAT sədri bildirib ki, hüquq mühafizə orqanları bu məsələ ilə birbaşa məşğul olmalıdır: 
“Bu adamlar Azərbaycanın qanunlarına qarşı çıxır, şəhid ailələrinin şərəf və ləyaqətini tapdalıyır. Belələri özlərini göstərmək istəyirlər və guya dövlətə qulluq edirlər. Hakimiyyətin yanında özlərini “şirin” göstərmək istəyirlər. Onların məqsədləri budur. Onlar anormaldır, normal düşüncəyə malik deyillər. Normal düşüncələri olsaydı, şəhdi ailələrinə belə münasibət göstərməzdilər. Bu adamlar xəstədir. Belələrini ya müalicəyə göndərmək lazımdır, ya da onlarla bağlı cinayət işi açılmalıdır. Ayrı bir yol yoxdur”.
Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov şəhidlərimizin dövlət üçün müqəddəs nemətlərdən biri olduğunu deyib.
O bildirib ki, şəhid ailələri bizə qoyulan dəyərli əmanətdir:
“Şəhidlərimizin bizə əmanət qoyduları ən böyük əmanət isə dövlətimiz, bayrağımız və torpağımızdır. Təəssüf ki, bəzən Azərbaycan ictimaiyyətinin bütün təbəqlərindən olan şəxslər bunu unudur. Şəhid ailələrinə münasibətdə onların əmanət olduğu unudulur. Bu gün yaşadığımız, havasını-suyunu istifadə etdiyimiz, bayrağını qürurla daşıdığımız vətən elə şəhidlərin ən böyük əmanətdir. Şəhidlər vətənimizi qoruyub-saxladılar, dövlətimizə sahib çıxdılar. Amma biz onların qoyub getdikləri ailələrinə sahib çıxa bildikmi? Onların ailələrini firavan, şən, həyat normaları yüksək və xoşbəxt şəkildə saxlaya bildikmi? Bir şəhid anası harasa gedəndə və şəhid anası olduğunu deyib növbədənkənar buraxılmasını dedikdə ona nəinki məmurlardan, hətta vətəndaşlardan təpki gəlir. Hər şey buradan başlayır. Vətəndaş cəmiyyətinin özü şəhid analarına və şəhid ailələrinə qarşı laqeydlik göstərir. Azərbaycan xalqı yetərincə vətənpərvər xalqdır. Lakin  şəhid ailələrinə bu münasibətlərin nədən qaynaqlandığını araşdırmalıyıq”.
F.Məmmədov bildirib ki, xalqımız şəhid ailələrini təhqir edənləri linç etməlidir:
“Hətta bu məsələyə qanunla toxunulmalıdır, bir cəza mexanizmi olmalıdır. Keçən dəfə bir qız Mübariz İbrahimovu təhqir etmişdi. O zamanlar da dedik ki, cəzasızlıq ən böyük problemdir. Bu dəqiqə bir çox Qarabağ qaziləri Fuad Muradovu döymək üçün axtarırlar. Qanunlar çərçivəsində şəhidlər və onların ailələrinə, qazilərə, döyüşçülərə hörmətsizlik edən insanlara qarşı Cinayət Məcəlləsində konkret bəndlər olmalıdır. 2-3 il öncə Türkiyədə qazilərə əl qaldıran 6 nəfərə Türkiyə dövlət suverenliyinə təhqir maddəsi ilə cinayət işi açıldı. Birinə 20 il, beş nəfərə isə 24 il cəza verdilər. Türkiyədə qaziyə əl qaldırmaq, şəhid anasını təhqir etmək dövlət suverenliyini təhqir etməkdir. Bunu edən adam dərhal qanunla cəzasını alır. Təəssüf ki, bizdə bu çatışmazlıqlar var. Nankorlar, ləyaqətsiz insanlar, 5-10 manat pul alıb kiməsə yaltaqlananlar rahat şəkildə şəhid ailələrimizi təhqir edirlər. Bunların zərbəsi hamısı bütövlükdə dövlətimizə dəyir. Eyni zaman bu hadisələr Ali Baş Komandanımıza mənfi təsir göstərir. Çünki cənab Prezident şəhidlərimizə və onların ailələrinə hər zaman böyük hörmət bəsləyib”.

Related posts

Xəstəxanalar doldu: 10 günlük sərt karantin… – Video

Admin

Bakıda sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk gecəsi – Postlar quruldu – FOTO

Admin

Şəhid Elşən Məmmədov son mənzilə yola salınır (Yenilənib) FOTOLAR,VİDEO

Admin

Leave a Comment