11 C
Baku
28 Noyabr 2020
Əsas xəbər

Ekspertlərdən “Keşikçidağ” xəbərdarlığı: “Gürcüstan rəhbərliyi anlamalıdır ki…”

“Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində Gürcüstan Respublikasının bir qrup vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasına yönələn təxribat xarakterli hərəkətlərin planlanlaşdırıldığına dair məlumatlar əldə olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DSX-nın Gürcüstan Sərhəd Mühafizəsi ilə qarşılıqlı həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan–Gürcüstan dövlət sərhədində “Keşikçidağ” Dövlət Tarixi-Mədəniyyət Qoruğunun ərazisində təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb. “Bir daha bildiririk ki, Azərbaycan Dövlət Sərhəd Xidməti hər bir zaman dövlət sərhədlərinin qətiyyətlə keşiyində dayanıb”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, ötən ilin iyulunda “Keşikçidağ” olayı yaşanmışdı və bu Gürcüstan-Azərbaycan münasibətlərinə ciddi zərbə vuracaq bir həddə çatmışdı. Hətta məsələni həll etmək üçün komissiya belə yaradılmışdı. Amma görünən odur ki, bu məsələ hələ də öz həllini tapmayıb.  Bütün bunlar da haqlı olaraq, ciddi suallara yol açır.

Fərəc Quliyev, deputat

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a açıqlamasında məsələnin həll edilməsinin vacibliyindən söz açdı: “Bu hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin rəsmi açıqlaması var ki, orada heç bir təxribat xarakterli hadisə baş verməyib. İndiyə qədər bu istiqamətdə baş verənləri nəzərə alsaq, təxribat xarakterli bu cür hadisələrin qarşısını almaq vacibdir. Məsələni bir neçə istiqamətdə dəyərləndirmək mümkündür. Bu, özbaşına bir qrup tərəfindən olubsa, dövlətə heç bir bağlılığı yoxdursa, siyasi bir mahiyyətli deyilsə, nəzərə almaq lazımdır ki, dünyanın hər bir yerində belə hadisələr olur. Dövlət Sərhəd Xidməti funksiyasını yerinə yetirib, bundan sonra da yerinə yetirəcək. İkinci bir məsələ odur ki, bu təxribat Gürcüstanda yaşayan ermənilər tərəfindən təşkil edilə bilər. Bu qrupun tərkibi məhz bu kontingentdən ibarətdirsə, onlar daha çox Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirmək üçün belə edirlər. Üçüncü baxış odur ki, bu, Gürcüstanda millətçi kəsim tərəfindən də edilə bilər. Bu baxışdan başlasaq, doğrudan da bu Gürcüstan dövlətinə bağlı olan millətçilər tərəfindən edilibsə, bundan sonra belə hallar gözlənilirsə, nəzərə almaq lazımdır ki, dövlətlərarası münasibətlərə bu zərbə vura bilər. Qaldırılan iddialar absurddur. Azərbaycan Gürcüstanı strateji tərəfdaşı kimi qəbul edib, hər zaman öz dost münasibətini sərgiləyib. Gürcüstanın enerji məsələlərində Azərbaycanın iştirakı, ona ucuz enerji satması, pis vəziyyətdə qaldıqları dönəmlərdə ölkəmizin onlara sahib çıxması, orada yaşayan 600 min soydaşımızın bütün dövrlərdə Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşması, Gürcüstan-Rusiya müharibəsində dövlətlərinin yanında olmaları onu göstərir ki, bütün məsələlərdə bu ölkənin yanında olmuşuq. Hər zaman çalışılıb ki, Gürcüstan tərəfdən məmnunluq olsun. Amma fərqli davranışların şahidi oluruqsa, bu bütün danışıqlarda üzə çıxarılmalıdır. Əgər erməni qruplar məsələni gərginləşdirirlərsə, Gürcüstan tərəfə anlatılmalıdır ki, Ermənistanın Gürcüstan siyasətində Axalkalaki ərazisinin Ermənistana birləşdirilməsi kimi istəkləri var. Saakaşvili dönəmində separatçılığın başında duran şəxslər belə, həbs olunmuşdu. Hakimiyyət dəyişikliyindən sonra onlar azad olundular. Amma Ermənistanın Gürcüstana ərazi iddiası qalır. Əgər təsadüfi qruplar belə təxribatları ölkəmizə qarşı edirlərsə, Gürcüstan sərhədçiləri Azərbaycana çatana qədər həmin qrupları zərərsizləşdirməlidirlər. Bütün hallarda biz ərazilərimizi tamamən qorumaqda, onları Azərbaycan ərazisi kimi saxlamaqda, orada asayişi təmin etməkdə qətiyyətli olduğumuzu bildirməliyik. Amma bunun dinc, anlaşma yolu ilə olmasına çalışmalıyıq. Bizim partiyanın Borçalı Departamenti var. Belə məsələləri siyasətimizdə mütləq nəzərə alırıq”.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu: “Gürcüstanda kimlərsə bu məsələni şişirdib, təxribat yaratmaqla məşğuldur. Əslində iki ölkə arasında komissiyalar bu mövzuda çalışmaları davam etdirirlər. Amma bu məsələni həll etmək o qədər də asan deyil. Çünki Gürcüstan ərazi iddiasından əl çəkmir. Zaman-zaman bu ərazi iddiasını çox təəssüflər olsun ki, Gürcüstan prezidenti də dilə gətirmişdi. Gürcü millətçilərinə bəhanə verərək, Azərbaycana qarşı təxribatlara başlamışdılar. Növbəti təxribat planı haqqında artıq məlumat var. Azərbaycan tərəfi məlumat verməklə çox güman ki, bu təxribatın qarşısını aldı. Amma demək mümkün deyil ki, gələcəkdə təxribatlar davam etdirilməyəcək. Burada üçüncü qüvvənin rol oynadığını da düşünürəm. Gürcüstanda erməni diasporuna bağlı insanlar Ermənistanın, dünyadakı erməni lobbisinin maraqlarından çıxış edirlər. Onlar qəsdən Gürcüstan-Azərbaycan münasibətlərini gərginləşdirməklə məşğuldurlar. Çox təəssüflər olsun ki, gürcü hökuməti bu cür təxribatların qarşısını almır. Gürcüstanda anlamalıdırlar ki, bu cür təxribatlar davam edərsə, Azərbaycanla strateji müttəfiqliyə zərbə dəyə bilər. Bundan təbii ki, Azərbaycan da ziyan çəkə bilər. Amma ən çox ziyanı Gürcüstan çəkəcək. Çünki ölkəmizin iqtisadi, siyasi, humanitar, kredit dəstəyi olmasa, Gürcüstan indiki varlığını, müstəqilliyini qorumaqda çətinlik çəkəcək. Təəssüflər olsun ki, hazırkı gürcü iqtidarı bu adi həqiqəti anlamaqda çətinlik çəkir”.

 

Related posts

Həbsdəki icra başçılarının sayı 6-ya çatdı… – SİYAHI

Admin

Nazirliyin şöbə rəisi işdən çıxarıldı: Yoxlama başladı

Admin

Tovuzda artilleriya hücumu: Ordumuz döyüşə belə girdi – Audio

Admin

Leave a Comment