6 C
Baku
26 Noyabr 2020
Siyasət

Ermənistanın Azərbaycana “toponim təcavüzü”nü tam ifşa edə bilmişikmi – Prezident Qarakilsə məsələsi ilə bağlı böyük problemə toxundu

Iyinun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edən Prezident İlham Əliyev burada Azərbaycanın müxtəlif dövrlərə aid sərgilənən xəritələrlə tanış olarkən xəritədə qədim Qarakilsə rayonunun adının Sisyan kimi göstərilməsinə irad bildirib:”Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın”.

Prezident həmçinin qeyd edib ki, indiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir, lakin müxtəlif vaxtlarda ermənilər bu toponimləri dəyişdiriblər.

Beləliklə Prezident indiki Ermənistan ərazisində Azərbaycan mənşəli toponimlərin adlarının müxtəlif vaxtlarda dəyişdirilməsini yenidən gündəmə gətirdi və bununla da tarixçilər qarşısına ermənilərin toponimlərimizə təcavüzü faktlarının geniş şəkildə tarixi sənədlər əsasında tam olaraq araşdırılması və bu faktlardan istifadə etməklə erməniləri ifşa etməklə bağlı mühüm vəzifə qoydu.

Reallıq budur ki, indiyə qədər bu məsələlər tam olaraq araşdırılmayıb. Prezident özü bütöv institutlardan çox iş görür. Halbiki, mandat alıb Milli Məclisdə oturan neçə-neçə tarixçi, onların nazmiədlik və doktorluq işinə rəhbərlik etdiyi adamlar bu işi görməlidir.

Müasir tarix elmimiz ermənilərin tiponimlərə təcavüz siyasətini tam ifşa edərək dünyanın bilgisinə çevirə bilibmi?

Qeyd edək ki, müxtəlif qurumlar tərəfindən hazırlanaraq muzeylərə verilən xəritələrin çoxunda qədim Azərbaycan ərazilərinin, toponimlərinin adları təhrif edilib, çox vaxt onlar ermənilərin qeyd etdiyi kimi göstərilib. Yadınıza gəlirsə, bu ilin mart ayında analoji hadisə ilə Tovuz Diyarşünaslıq Muzeyinin açılışında da qarşılaşmışdıq.  Sözügedən muzeyin açılışında iştirak edən Prezident eksponatlarla və xəritələrlə tanış olarkən də bununla bağlı iradlarını bildirmişdi. “…Bu neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?…Qədim adlar, məsələn, Sisyan yazılıbdır. O vaxt Sisyan adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan – bütün bunlar qədim şəhərlərimiz olub…”

Göründüyü kimi, Sisyanın adı ilə bağlı Prezidentin bir neçə ay əvvəl tutduğu iraddan hələ də müvafiq qurumlar nəticə çıxarmayıb.

Tarixçilər qeyd edir ki, Prezidentin iradları tamamilə haqlıdır və məsul qurumlar xəritələrin hazırlanmasına başdansovdu yanaşmamalıdır.

Qeyd edək ki, indi Sisyan adlandırlan Qarakilsə rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1940-cı il martın 2-nə qədər Qarakilsə rayonu, həmin tarixdən etibarən isə Sisyan rayonu adlandırılıb. Ərazisi 1719 kv. km-dir. Rayon mərkəzi Qarakilsə (dəyişdirilmiş adı Sisyan) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə qədər olan məsafə 217 km-dir.

Coğrafi vəziyyətinə görə Qarakilsə rayonu dörd tərəfdən Zəngəzur və Bərgüşad silsilələri və Sünik yaylası ilə əhatə olunub. Qarakilsənin 1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri-Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağüdü, Vağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəyurd, Şəkidir.

Tarixçilər qeyd edir ki, Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları çoxdur.

  • Ənvər Çingizoğlu: “Hələ Azərbaycan tarixşünaslığı bu məsələni tam araşdıraraq beynəlxalq aləmdə erməni saxtakarlığının ifşasına nail ola bilməyib”

Tarixçi-etnoqraf Ənvər Çingizoğlu “Bakı-Xəbər”ə bildirdi ki, ermənilər tərəfindən indiki Ermənistan ərazindəki qədim türk toponimlərinin, şəhər və kənd adlarının dəyişdirilməsi hələ Sovet illərindən kütləvi xarakter almağa başlayıb. Ə.Çingizoğlu qeyd etdi ki, ermənilərin məqsədi tarixi torpaqlarımızdan bizim izimiz silməyə xidmət edir. Bu gün erməni təcüvüzünə uğrayan toponimlərimizin araşdırılması istiqamətində işlər getdiyini vurğulayan Ə.Çingizoğlunun sözlərinə görə, bu sahə ilə məşğul olanlar Prezidentin iradlarından nəticə çıxararaq fəaliyyətlərini bir qədər də genişləndirməlidirlər. Ə.Çingizoğlu hesab edir ki, hələ biz erməni təcavüzünə məruz qalan, adları dəyişdirilərək erməniləşdirilən toponimlərimizlə bağlı beynəlxalq ictimaiyyətə lazımı informasiyanı çatdıra bilməmişik. “Sovet dövrünün ilk illərindən başlayaraq ermənilər indiki Ermənistan ərazindəki qədim türk şəhərlərinin, mahallarının, çay, dağ, yer-yurd adlarının dəyişdirilməsi ilə məşğul olur. Əvvəllər bunu özləri elə də açıq şəkildə edə bilmirdilər, Kremldəki erməni rəhbərlərin və ermənipərəst qüvvələrin əli ilə edirdilər. İndi isə artıq orada bir nəfər də olsa azərbaycanlı qalmayıb, bütün azərbaycanlıları deportasiya ediblər. Bundan sonra isə onların əli-qolu daha geniş açılıb. Ermənilərin Azərbaycan toponimlərini kütləvi şəkildə dəyişdirməsi, onları erməniləşdirməsi prosesinin ifşa edilməsi üçün kifayət qədər tarixi sənədlər, arxiv materialları var. Yenidən arxivlər araşdırılmalıdır. Xüsusə də çar Rusiyası dövrünə aid olan arxiv materialları çox ciddi şəkildə incələnməlidir. O materialların hər birində bu gün ermənilər tərəfindən təcavüzə məruz qalan toponimlərin hamısının adı türk dilindədir. O vaxt o yerlərin adları olduğu kimi qeyd edilib. Amma sonradan ermənilər onları saxtalaşdırmağa nail olublar. Hesab edirəm ki, hələ Azərbaycan tarixşünaslığı bu məsələni tam araşdıraraq beynəlxalq aləmdə erməni saxtakarlığının ifşasına nail ola bilməyib. Halbuki, haqlı tərəf bizik”.

Müxtəlif xəritələrdə Qarakilsə rayonunun adının təhrif edilməsinin düzgün olmadığını deyən Ə.Çingizoğlu qeyd etdi ki, əslində Sisyan da bizim sözümüzdür, mənası qədim saklar diyarı deməkdir. Sisyan adının da ermənilər tərəfindən mənimsənildiyini qeyd edən tarixçi-etnoqraf hesab edir ki, bütövlükdə toponimlərimizin adları, mənşəyi, etimologiyası yenidən araşdırılmalı, onlar çap və elektron variantda müxtəlif dillərə tərcümə edilərək yayılmalıdır. “Cənab Prezidentin xəritədə Sisyan adının dəyişdirilərək Qarakilsə kimi qeyd edilməsi barədə verdiyi tapşırıq əsassız deyil, Qarakilsə rayonunun adının bərpası istiqamətində mühüm bir göstərişdir. Prezident həmişə tarixi faktlara dəqiq yanaşır və çox həssas mövzuları yada salır. Bu baxımdan Prezidentin fikirləri xüsusi önəm kəsb edir.

Orada tarixən Azərbaycan türkləri yaşayıb və bu bizim torpağımızdır. Ora ermənilər sonrakı yaxın dönəmlərdə Şərqi Anadoludan və xüsusən də Kayseri bölgəsindən köçürülüb. Ümumiyyətlə, bu bölgə bütövlükdə qədim saklarla, türklərlə bağlıdır. Və bilirsiz ki, bizim xristian keçmişimiz də var və həmin ərazilərdə kifayət qədər xristian – alban abidələri var. O rayonun adı Qarakilsədir. Qarakilsə rayonunun adının xəritədə bərpa olunması vacibdir. Ümumiyyətlə, tarixi həqiqətin bərpası istiqamətində Prezidentin bütün fikir və təklifləri, tapşırıqları biz araşdırmaçılar üçün tamamilə yeni bir platforma açır. O xəritələrdə həmin türk yurdunun hər iki adı qeyd edilməli idi. ”-deyə Ə.Çingizoğlu vurğuladı.

  • Cəbi Bəhramov: “Ermənilər Qarakilsə rayonunun adını dəyişərək ona Sisyanovun adını veriblər”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov da bizimlə söhbətində bildirdi ki, Prezident tamamilə haqlıdır. Ermənilər onların işinə yarayan gürcü mənşəli Sisyanovun adını tarixi Qarakilsə rayonuna veriblər:”Bu rayonun tarixi adı Qarakilsədir. Sonradan ermənilər Qarakilsə rayonunun adını dəyişdirərək ona Sisyanovun adını veriblər. Bu gün Tarix İnstitutu erməni terroruna, təcavüzünə məruz qalan toponimlərin araşdırılması, toplanması istiqamətində işlər görür. Sisyanın da əsl adının Qarakiləsə olduğunu bizim institut tədqiq edib üzə çıxarıb. Prezident tamamilə haqlıdır və Sisyan adının Qarakilsə kimi qeyd edilməsi vacibdir. Tarix İnstitutu toponimlərimizin araşdırılması, tədqiqi istiqamətində çox işlər görür, hətta biz o materialları başqa dillərə də tərcümə edirik. Bu işdə əməyi olanlardan biri də tədqiqatçı Nazim Mustafadır”.

İradə SARIYEVA 

Related posts

Azərbaycan və Gürcüstan XİN başçılarının görüşü başlayıb

Admin

İranın Azərbaycana etirazı və Şaumyanın “xarabazarlıq” vədi…

Admin

Bakıda iki bina arasında “itən” 6 milyon…

Admin

Leave a Comment