2 C
Baku
23 Noyabr 2020
Siyasət

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

Prezident İlham Əliyev Necdet Ünüvarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Necdet Ünüvar “Dostluq” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi və “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkə iqtisadiyyatında qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması ilə əlaqədar sahibkarlığın inkişafına dəstək mexanizminin təkmilləşdirilməsi, eləcə də Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun maliyyələşdirmə alətlərinin genişləndirilməsi məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 224 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1510; 2019, № 4, maddə 614, № 6, maddə 1049) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissə ləğv edilsin;

2.2. 5.3.1 – 5.3.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“5.3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

5.3.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

5.3.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

5.3.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi;”;

2.3. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi” üzrə:

2.3.1. 1.5-ci bənddə “və blankları” sözləri “blankları və loqotipi (emblemi)” sözləri ilə əvəz edilsin;

2.3.2. aşağıdakı məzmunda 2.2.1-1-ci və 2.2.1-2-ci yarımbəndlər əlavə edilsin:

“2.2.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;

2.2.1-2. sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;”;

2.3.3. aşağıdakı məzmunda 3.1.1-1-ci yarımbənd əlavə edilsin:

“3.1.1-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;”;

2.3.4. 3.1.2-ci yarımbənd ləğv edilsin;

2.3.5. 3.1.4-cü yarımbənddə “Fondun vəsaiti hesabına maliyyələşdiriləcək” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;

2.3.6. 3.1.7-ci yarımbənddə “Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;

2.3.7. aşağıdakı məzmunda 3.1.9-1-ci yarımbənd əlavə edilsin:

“3.1.9-1. iqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq;”;

2.3.8. 3.1.10-cu, 3.1.11-ci və 3.1.12-ci yarımbəndlər ləğv edilsin;

2.3.9. 3.2.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“3.2.1. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək, o cümlədən maliyyə bazarlarından kreditlərin cəlb olunması barədə danışıqlar aparmaq, təkliflər vermək, bu məqsədlə əqdlər bağlamaq və könüllü ianə, yardım, qrant almaq;”;

2.3.10. 4.5.1 – 4.5.4-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“4.5.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı;

4.5.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;

4.5.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

4.5.4. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi.”;

2.3.11. 4.9.7-ci yarımbəndə “daxilolmaların (faiz, cərimə və sair)” sözlərindən sonra “və fəaliyyətindən əldə olunmuş digər gəlirlərin” sözləri əlavə edilsin;

2.3.12. aşağıdakı məzmunda 4.9.7-1 – 4.9.7-4-cü yarımbəndlər əlavə edilsin:

“4.9.7-1. müvəkkil kredit təşkilatının Fond qarşısındakı borc öhdəliyinin restrukturizasiyası (öhdəliyin icrasına möhlət verilməsi) qaydasını müəyyən etmək;

4.9.7-2. müvəkkil kredit təşkilatının lisenziyası ləğv edildikdə və bununla əlaqədar ləğvetmə proseduruna məruz qaldıqda, Fondun vəsaiti hesabına maliyyələşdirilən kredit portfelinin hamısının və ya bir hissəsinin ləğvetməyə məruz qalmış bankdan (və ya bank olmayan kredit təşkilatından) digər müvəkkil banka (və ya bank olmayan kredit təşkilatına) köçürülən güzəştli kreditin restrukturizasiya şərtlərini müəyyən etmək;

4.9.7-3. Fondun müvəkkil kredit təşkilatları vasitəsilə yerləşdirilən aktivlərinin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması (o cümlədən ümidsiz aktivlərin silinməsi) qaydalarını təsdiq etmək və nizamnamə fondunun dəyişdirilməsi barədə müvafiq təkliflər vermək;

4.9.7-4. Fond qarşısında öhdəlikləri yerinə yetirməyən müvəkkil kredit təşkilatları ilə bağlı həyata keçirilməli daxili prosedurları nəzərdə tutan qaydaları təsdiq etmək;”;

2.3.13. 4.9.8-ci yarımbəndə “habelə” sözündən əvvəl “fəaliyyət istiqamətləri ilə bağlı komitələrin əsasnamələrini,” sözləri əlavə edilsin;

2.3.14. 4.9.15-ci yarımbənddən “Fondun vəsaitlərinin istifadə edilməsinin şərtləri haqqında” sözləri çıxarılsın;

2.3.15. 4.9.16-cı yarımbənddə “Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün” sözləri “Fonda təqdim olunan” sözləri ilə əvəz edilsin;

2.3.16. 4.9.17-ci yarımbənddən “Fondun vəsaiti hesabına verilmiş” sözləri çıxarılsın;

2.3.17. 4.9.21-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 4.9.22-ci yarımbənd əlavə edilsin:

“4.9.22. Fondun Nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.”;

2.3.18. 4.18-ci bənddə “Mülki Məcəlləsində müəyyən edilmiş” sözləri “normativ hüquqi aktlarından irəli gələn” sözləri ilə əvəz edilsin;

2.3.19. 5.5-ci bəndin birinci cümləsində “ayda” sözü “rübdə” sözü ilə əvəz edilsin;

2.3.20. 5.6.14-cü yarımbənddə “bağlı” sözündən sonra “komitələr,” sözü əlavə olunsun;

2.3.21. 7.3-cü bəndin ikinci cümləsinə “daxilolmalar (faiz, cərimə və sair)” sözlərindən sonra “və fəaliyyətindən əldə olunmuş digər gəlirlər” sözləri əlavə edilsin;

2.3.22. aşağıdakı məzmunda 7.3-1-ci bənd əlavə edilsin:

“7.3-1. Fondun milli valyutada pul vəsaiti Azərbaycan Respublikasının Mərkəzi Bankında açılan bank hesablarında saxlanıla bilər.”;

2.3.23. 7.4-cü bənd ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan fəaliyyətin təmin edilməsi məqsədilə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası verilməsi qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın 2.3.2-ci yarımbəndində nəzərdə tutulan subsidiyanın verilməsində istifadə olunan vəsaiti nəzarətdə saxlasın və subsidiyalaşdırma başa çatdıqdan sonra Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun nizamnamə fondunda dəyişiklik edilməsi barədə təkliflərini 3 (üç) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. Bu Fərmanın 2.2-ci bəndinə və 2.3.12-ci yarımbəndinə müvafiq olaraq aidiyyəti dövlət qurumları 10 (on) gün müddətində Fondun Müşahidə Şurasının üzvlərinin təyin olunmasını təmin etsinlər”.

Related posts

Əli Əsədov MDB ölkələrinin baş nazirləri ilə müzakirələr aparacaq

Admin

Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib

Admin

BMW 18 milyon dollar cərimə ödəyəcək –Saxta satış məlumatlarına görə

Admin

Leave a Comment